İcbari sığorta müqavilələri ilə bağlı bildirişlər artıq “mygov” rəqəmsal hökumət platforması vasitəsilə də vətəndaşlara təqdim olunur.
GDP xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb.
Məlumata görə, yenilik Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilib. Bu məqsədlə İcbari Sığorta Bürosunun informasiya sistemi ilə “mygov” platforması arasında inteqrasiya təmin olunub.
Yeni imkan sayəsində vətəndaşlar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrinə dair bildirişləri birbaşa “mygov” platformasından əldə edə biləcəklər.
Bildirişlər aşağıdakı məlumatları əhatə edir:
– İcbari sığorta müqavilələrinin qeydiyyata alınması;
– Sığorta haqlarının ödənilməsi;
– Müqavilələrin qüvvədəolma müddətinin başa çatması;
– Sığorta müqavilələrinin statusunda baş verən dəyişikliklər;
– Sığorta müqavilələri ilə bağlı digər müvafiq məlumatlar.
Bildirilib ki, yeniliyin əsas məqsədi vətəndaşların sığorta məlumatlarına çıxışını asanlaşdırmaq, müqavilələrlə bağlı dəyişikliklər haqqında vaxtında məlumatlandırılmasını təmin etmək və rəqəmsal xidmətlərin əlçatanlığını artırmaqdır.
İcbari Sığorta Bürosu dövlət informasiya sistemləri ilə inteqrasiyanın genişləndirilməsi və sığorta xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

