Azərbaycanda internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin uçota alınması qaydalarına dəyişiklik edilib. Yeni tələblərə əsasən, provayderlər şəbəkə infrastrukturu, xidmət keyfiyyəti və fəaliyyət istiqamətləri barədə daha ətraflı məlumat təqdim etməli olacaqlar.
GDP xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti 13 noyabr 2026-cı il tarixində 382 nömrəli qərar qəbul edib.
Qərara əsasən, uçota alınmaq üçün müraciət edən operator və provayderlər istifadə etdikləri telekommunikasiya avadanlıqları, şəbəkənin strukturu, abunəçi tutumu və infrastrukturun istismara verilməsi mərhələləri barədə məlumat təqdim etməlidirlər.
Bundan əlavə, provayderlərdən telekommunikasiya şəbəkəsinin vektor xəritəsi, eləcə də internet xidmətinin keyfiyyətinə və dayanıqlılığına nəzarət sisteminin mövcudluğunu təsdiqləyən sənədlər tələb olunacaq.
Yeni qaydalara əsasən, operatorlar xidmət göstərdikləri istifadəçi kateqoriyalarını, həmçinin internet xidmətlərinin topdan, pərakəndə və ya yenidən satış formasında təqdim edildiyini də bildirməlidirlər.
Dəyişikliklər provayderlər barədə ictimaiyyətə açıqlanan məlumatların siyahısını da genişləndirir. Belə ki, onların fəaliyyət əhatəsi, hüquqi və faktiki ünvanları, internet saytı, fəaliyyət növü, əlaqə telefonları, elektron poçt ünvanı və müqavilə nümunəsi ictimaiyyət üçün əlçatan olacaq.
Yeni tələblərin tətbiqi İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) internet bazarına nəzarət imkanlarını genişləndirəcək, şəbəkə infrastrukturunun inkişafını və xidmət keyfiyyətini daha effektiv izləməyə şərait yaradacaq.
Əsas məqsəd internet xidmətlərinin keyfiyyətinin və dayanıqlılığının artırılması, eləcə də provayderlərin fəaliyyətində şəffaflığın gücləndirilməsidir.

