“Kapital Bank” ASC istiqraz buraxılışı yolu ilə 30 milyon dollar cəlb edir.
GDP xəbər verir ki, Azərbaycanın 3 ən böyük böyük bankından biri olan “Kapital Bank” hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 300 000 ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazları buraxıb.
İstiqrazlar üzrə gəlirlilik illik 7 faizdir.
İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül dövründə (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 7 il müddətində, ildə günlərin sayı 360 olaraq götürülməklə) hər 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənilir. Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçirilir. Sonuncu kupon ödənişi tədavül müddətinin sonunda istiqrazların nominal dəyəri ilə birlikdə ödəniləcəkdir
İstiqrazlar yerləşdirildiyi tarixdən 2 il sonra Emitent tərəfindən istiqrazların geri çağrılması hüququ qüvvəyə minəcəkdir. Emitent bu hüquqdan istifadə etdikdə istiqrazların geri çağrılması haqqında geri çağrılma tarixindən 1 ay öncədən istiqraz mülkiyyətçilərinə Emitentin və BFB-nın rəsmi saytları vasitəsilə məlumat veriləcəkdir. Bu zaman hər müştərinin mülkiyyətində olan payına mütənasib qaydada istiqrazların nominal dəyəri və çağırılan günə toplanmış faizlər ödəniləcəkdir.
Hazırda “Kapital Bank”ın dövriyyədə 70 milyon dollarlıq istiqrazları mövcuddur.