Nazirlər Kabineti “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları”nı təsdiq edib.
GDP xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalar Vergi Məcəlləsinə əsasən hazırlanıb və təsərrüfat əməliyyatları aparılan zaman vergi ödəyicisi tərəfindən malları (işləri, xidmətləri) ona təqdim edən digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi qaydasını, təqdim edilən məlumatların dairəsi və hədlərini, habelə məlumatların təqdim edilməsi üzrə verilən sorğuların uçotunun aparılması qaydasını müəyyən edir.
Qaydalarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
Məlumatlar dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları istisna olmaqla yalnız sorğulanan və vergi ödəyicisi kimi uçota alınmış şəxslər üzrə təqdim edilir.