Dünyanın aparıcı onlayn ticarət brokeri – “CFI Financial Group” “Azfinance İnvestisiya Şirkəti” ASC-nin səhmlərini alaraq Azərbaycanın qiymətli kağızlar bazarına daxil olub.
1998-ci ildən fəaliyyət göstərən “CFI Financial Group” qlobal səviyyədə tətbiq olunan onlayn ticarət xidmətlərini Azərbaycan bazarına gətirmək niyyətindədir. Holdinq Azərbaycanda nəzarətinə keçirdiyi investisiya şirkətinin adını bu ilin sonuna qədər dəyişməyi, başqa sözlə rebrendinq etməyi planlaşdırır.
“CFI Azərbaycan bazarına daxil olmaqdan məmnundur, çünki bu ölkə iqtisadi potensialına görə strateji əhəmiyyətə malikdir. Biz Azərbaycanda treyderlərlə güclü əlaqələr qurmağı, onların ticarətini ən yüksək standartlarla gücləndirməyi səbirsizliklə gözləyirik”, – deyə CFI-nin həmtəsisçisi və idarəedici direktoru Hişam Mənsur bildirib.
Xatırladaq ki, “Azfinance” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmlərinin 85 %-i Abid Mamedova (Müşahidə Şurasının sədri), 15 %-i isə İntiqam Səfərəliyevə (direktor) məxsusdur.
Mənbə:Report