Azərbaycanın aparıcı banklarından biri olan ABB (Azərbaycan Beynəlxalq Bankı) son dövrlərdə həm müştəri təhlükəsizliyi, həm də ətraf mühitə töhfə sahəsində əhəmiyyətli nəticələr əldə edib. Bank rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat istiqamətində atdığı addımlarla diqqəti cəlb edir.
GDP xəbər verir ki, bu barədə ABB -nin Dayanıqlılıq Hesabatına dair mətbuat konfransında məlumat verlib.
Məlumata görə ABB rəqəmsal bankçılıq xidmətlərinin təhlükəsizliyini artırmaq məqsədilə MyGov və ASAN inteqrasiya sayəsində müştərilərin vacib sənədlərə rəqəmsal çıxışını təmin edib. Bank əməliyyatlarının təhlükəsizliyi beynəlxalq PCI DSS 4.0 standartı ilə bir daha təsdiqlənib. Bundan əlavə, ABB mobile tətbiqinə SIM kilidi qoruma funksiyasının inteqrasiyası ilə gündəlik 3 milyon cihazda təhlükəsizlik səviyyəsi yüksəldilib. Bu tədbirlər sayəsində ABB müştərilərin ümumilikdə 3.958.704 AZN vəsaitini fırıldaqçılıq cəhdlərindən qorumağa nail olub.
Eyni zamanda, ABB ekoloji məsuliyyət çərçivəsində kağızsızlaşdırma proseslərini genişləndirir. Filiallarda aparılan əməliyyatların 90%-i kağızsız formada həyata keçirilir. Xüsusilə, kreditlərin rəsmiləşdirilməsində bu göstərici 96,3% , kart sifarişində 91,3% , əmanət yerləşdirilməsində isə 80,4% təşkil edir.
Bankın resurs sərfiyyatında da nəzərəçarpacaq azalma qeydə alınıb: işçi başına ümumi istixana qazı emissiyası (GHG) 13,4% , dizel sərfiyyatı 21% , benzin sərfiyyatı isə 15% azalıb. ABB həmçinin karbon izinin hesablanmasına dəstək olaraq 35.000 müştərinin karbon izi kalkulyatorundan istifadə etməsini təmin edib və ümumilikdə 7.000.000 tranzaksiya üzrə karbon izi hesablanıb.
ABB rəqəmsal təhlükəsizlik və ekoloji davamlılıq sahələrindəki bu nailiyyətləri ilə yalnız müştəri məmnuniyyətini artırmaqla kifayətlənmir, həm də Azərbaycanın bankçılıq sektorunda yaşıl və təhlükəsiz gələcəyə töhfə verməyə davam edir.

