2026-cı ilin birinci yarısında “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokunda neft və qaz hasilatı təhlükəsiz və stabil şəkildə davam etdirilib. Hesabat dövründə yataqlar blokundan gündə orta hesabla 323 min barel neft hasil olunub.
bp şirkətindən GDP-a bildirilib ki, altı ay ərzində AÇG-dən ümumilikdə təxminən 59 milyon barel və ya 8 milyon ton neft çıxarılıb. Gündəlik hasilatın 19,3 min bareli Çıraq, 88 min bareli Mərkəzi Azəri, 73,3 min bareli Qərbi Azəri, 45 min bareli Şərqi Azəri, 47 min bareli Dərinsulu Günəşli, 24 min bareli Qərbi Çıraq, 26,4 min bareli isə ACE platformasının payına düşüb.
İyunun sonuna olan məlumata əsasən, AÇG-də 150 neft hasilat quyusu, 51 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.
Xərclər 1 milyard dolları ötüb
2026-cı ilin yanvar–iyun aylarında AÇG üzrə fəaliyyətlərə təxminən 268 milyon dollar əməliyyat və 733 milyon dollar əsaslı məsrəf sərf edilib. Beləliklə, ümumi xərclərin həcmi 1 milyard dollardan çox olub.
Hesabat dövründə AÇG-də 7 neft hasilat quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusu qazılaraq tamamlanıb.
Qərbi Azəri platformasından qazılmış C44 neft hasilat quyusu Xəzər dənizində indiyədək qazılmış ilk multilüləli quyu olub. Quyu təhlükəsiz şəkildə və nəzərdə tutulmuş vaxtdan bir ay əvvəl istismara təhvil verilib.
Multilüləli quyu texnologiyasının tətbiqi AÇG kimi uzun müddətdir istismarda olan yataqdan neftvermə əmsalının artırılması və hasilatın davamlılığının təmin edilməsi baxımından mühüm nailiyyət hesab olunur.
Dərinsulu Günəşlidə sualtı müdaxilə işləri aparılır
Dərinsulu Günəşli sahəsində quyular üzrə sualtı müdaxilə proqramı davam etdirilib. Proqram çərçivəsində beş quyuda işlər uğurla başa çatdırılıb, altıncı quyuda isə əməliyyatlar davam edir.
AÇG yatağında həyata keçirilən yüksək dəqiqlikli 4D dənizdibi seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə edilmiş məlumatların emalı da 2026-cı ilin birinci yarısında tamamlanıb.
Mərkəzi Azəridə qazvurma gücü artırılır
Mərkəzi Azəri platformasında həyata keçirilən Mərkəzi Azəri Qaz Genişləndirilməsi — CAGE layihəsi üzrə işlər plana uyğun davam edib.
Layihə çərçivəsində platformada mövcud olan dörd qazvurma kompressorunun daxili rotasiya blokları və köməkçi hissələri əsaslı şəkildə modernləşdirilib. İşlər hasilat dayandırılmadan, məşəldə əlavə qaz yandırılmadan və təhlükəsizlik tələblərinə riayət olunmaqla qrafikdən əvvəl tamamlanıb.
CAGE layihəsinin məqsədi qazın yenidən laylara vurulması gücünü artırmaq və mövcud quyulardan neft hasilatını maksimum səviyyəyə çatdırmaqdır.
2026-cı ilin yanvarında başlanmış layihə üzrə digər dəyişikliklərin avqustda Mərkəzi Azəri platformasında keçiriləcək planlaşdırılmış profilaktik işlər zamanı həyata keçirilməsi nəzərdə tutulur. Layihənin sentyabr ayında tam başa çatdırılması planlaşdırılır.
Dövlətə 2 milyard kubmetr səmt qazı verilib
İlin ilk altı ayında AÇG-dən Azərbaycan dövlətinə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib.
Qazın əsas hissəsi Səngəçal terminalından, bir hissəsi isə “Neft Daşları”ndakı qurğu vasitəsilə ötürülüb. Hasil edilən səmt qazının qalan hissəsi lay təzyiqinin saxlanılması məqsədilə yenidən kollektora vurulub.
AÇG-də ilk kommersiya sərbəst qaz hasilatına başlanıb
2026-cı ilin birinci yarısında AÇG-də sərbəst təbii qaz hasilatı əməliyyatlarının başlanması ilə yataqlar bloku ilk kommersiya qaz hasilatı mərhələsinə keçib.
İlk hasilat quyusu 2025-ci ildə qazılıb və neft laylarının altında yerləşən Qırmakıüstü Qumlu və Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyib. Quyu Qırmakıüstü Qumlu layında qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu layında isə yüksək təzyiqli qaz ehtiyatları aşkar edib.
İlk hasilat əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb. Hazırkı mərhələ ilkin hasilatla yanaşı, quyunun və layın sınaqdan keçirilməsini də əhatə edir.
Quyudan çıxarılan qaz və kondensat mövcud AÇG infrastrukturu vasitəsilə Səngəçal terminalına göndərilir.
Quyuda, həmçinin Qırmakıaltı Qumlu layının dibində, qaz və su layları arasında yerləşən neft halqası aşkar olunub. Bu ehtiyatların qiymətləndirilməsi məqsədilə Dərinsulu Günəşli platformasından ilk neft halqası quyusunun qazılmasına may ayında başlanıb.
Qazma əməliyyatlarının 2026-cı ilin ikinci yarısında tamamlanması gözlənilir. Quyudan əldə ediləcək əlavə məlumatlar AÇG sahəsində gələcək işlənmə imkanlarının qiymətləndirilməsində istifadə olunacaq.
AÇG layihəsində SOCAR 35,30 faiz, operator bp 30,37 faiz, MOL 9,57 faiz, INPEX 9,31 faiz, ExxonMobil 6,79 faiz, TPAO 5,73 faiz, ONGC Videsh isə 2,92 faiz iştirak payına malikdir. Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından layihənin operatoru “BP Exploration (Caspian Sea) Limited” şirkətidir.

