“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin yanvar–oktyabr aylarında yükdaşımaların həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıraraq 15 milyon 691 min tona çatdırıb.
GDP quruma istinadla xəbər verir ki, hesabat dövründə tranzit yükdaşımaları 20 faiz artaraq 6 milyon 582 min ton, konteyner daşımaları isə 18 faiz yüksələrək 132 500 TEU təşkil edib. Təkcə oktyabr ayında ümumi yükdaşımalar 22 faiz, tranzit daşımalar 49 faiz, konteyner daşımaları isə 67 faiz artıb.
Çindən qəbul edilən blok-qatarların sayı 49 faiz artaraq 472-yə çatıb.
Astara Terminalında 10 ay ərzində 753 614 ton yük aşırılıb ki, bu da illik müqayisədə 37 faiz artım deməkdir. Oktyabr ayında isə 122 216 ton yüklə aylıq rekord qeydə alınıb.
Bakı Beynəlxalq Dəniz Limanında da tarixi maksimum əldə olunub. Yanvar–oktyabr aylarında limanda 112 min TEU-dan çox konteyner aşırılıb. Bu göstərici ötən ilin eyni dövründən 31 faiz yüksəkdir.
Əldə olunan nəticələr Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin gücləndiyini və ölkənin tranzit-logistika potensialının genişləndiyini göstərir.

