Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsi həyata keçirilən “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan hüquqi prosedurlar tamamlanıb.
“Azərbaycan Kredit Bankı” ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyul 2015-ci il tarixli, 2-1(81)-3854/2015 nömrəli qərarı ilə məcburi ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2-1(103)-798/2019 nömrəli qərardadına əsasən isə Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunub.
Fond ləğvedici təyin edildikdən sonra bankın öhdəliklərinin icrasının təmin edilməsi istiqamətində qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirib. Nəticədə bankın bütün öhdəliklərinin tam icrası təmin olunub.
Bundan sonra Fond “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesinin yekunlaşdırılması və ləğvedici qismində fəaliyyətinə xitam verilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət edib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2026-cı il tarixli, 2-3(1-8)-4/2026 nömrəli qərarı ilə Fondun ərizəsi təmin edilib. Bununla da “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi yekunlaşdırılıb və Əmanətlərin Sığortalanması Fondunun bank üzrə ləğvedici qismində fəaliyyətinə xitam verilib.
Hazırda Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində 21 bank var. Fond həmin bankların da ləğvetmə proseslərinin kreditorların maraqları nəzərə alınmaqla mümkün qədər qısa müddətdə başa çatdırılması istiqamətində zəruri tədbirlərin davam etdirildiyini bildirib.

