Azərbaycanda bəzi informasiya sistemlərinə qarşı aktiv kibertəhlükələr müəyyən edilib. Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi xəbərdarlıq yayıb.
GDP xəbər verir ki, agentliyin məlumatına görə, aparılan müşahidələr və texniki təhlillər nəticəsində kiberhücumların bir hissəsinin xüsusilə “Microsoft SQL Server (MSSQL)” və “Firebird” verilənlər bazası sistemlərini hədəf aldığı məlum olub.
Hücumlar zamanı proqram təminatının köhnəlmiş versiyalarından, eləcə də standart və ilkin giriş məlumatlarından istifadə olunur.
Bildirilib ki, kibercinayətkarlar zəif qorunan sistemlərə icazəsiz daxil olaraq müxtəlif dəyişikliklər edir, zərərli məqsədlərlə fayllar yerləşdirir və sistemlər üzərində nəzarəti genişləndirməyə çalışırlar.
Əsas təhlükə isə hücumların zəncirvari xarakter daşımasıdır. Belə ki, ələ keçirilən bir informasiya sistemi digər sistemlərə hücum etmək üçün istifadə oluna bilər. Bu da kibertəhlükələrin daha geniş şəbəkə infrastrukturuna yayılması riskini artırır.
Milli Kibertəhlükəsizlik Agentliyi informasiya sistemlərinin sahiblərinə və inzibatçılarına proqram təminatını yeniləməyi, standart şifrləri dəyişməyi, verilənlər bazalarına internet üzərindən birbaşa girişi məhdudlaşdırmağı və şübhəli fəaliyyətləri mütəmadi izləməyi tövsiyə edib.
Qurumdan bildirilib ki, mümkün kiberhücumların əhatə dairəsinin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

