Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində maliyyə institutlarına nəzarət mexanizmləri təkmilləşdirilir. Yeni qanuna əsasən, maliyyə institutlarının əməliyyatlarının intensivliyi və ya məbləği əvvəlki illə müqayisədə 40 faiz və daha çox artdıqda Mərkəzi Bank onların risk profilini yenidən qiymətləndirəcək.
GDP xəbər verir ki, bu, Prezident İlham Əliyevin 30 oktyabr 2026-cı il tarixində imzaladığı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Dəyişikliklərə əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə institutlarının və onların daxil olduğu maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı risk profillərini dövri olaraq qiymətləndirəcək.
Risklərin təkrar qiymətləndirilməsi yalnız əməliyyatların həcminin artması ilə məhdudlaşmayacaq. Maliyyə institutunun yenidən təşkil edilməsi, benefisiar mülkiyyətçilərinin dəyişməsi, fəaliyyət istiqamətlərində, müştəri qruplarında və coğrafi fəaliyyət dairəsində əhəmiyyətli dəyişikliklərin baş verməsi də yenidən qiymətləndirmə üçün əsas olacaq.
Qanuna əsasən, Mərkəzi Bank nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və maliyyə qruplarından zəruri sənəd və məlumatları yazılı sorğu əsasında tələb etmək hüququna malik olacaq. Tələb edilən məlumatlar sorğuda müəyyən edilmiş müddətdə təqdim edilməlidir.
Nəzarət tədbirlərinin dövriliyi və intensivliyi risk əsaslı yanaşma ilə müəyyən ediləcək. Bu zaman maliyyə institutlarının risk profili, daxili nəzarət mexanizmləri, ölkə səviyyəsində mövcud olan çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskləri, eləcə də maliyyə təşkilatlarının fəaliyyət xüsusiyyətləri nəzərə alınacaq.
Bundan başqa, bankların, həyatın yığım sığortası ilə məşğul olan sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, həmçinin xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qruplarına nəzarət konsolidasiya olunmuş formada həyata keçiriləcək.
Qanunvericiliyə edilən dəyişikliklərin əsas məqsədi maliyyə sektorunda risklərin vaxtında müəyyənləşdirilməsi, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması üzrə nəzarətin effektivliyinin artırılmasıdır.

