BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa İttifaqının Statistika Bürosunun (Avrostat) nümayəndələrindən, eləcə də müstəqil ekspertlərdən ibarət heyət Azərbaycanın Milli Statistika Sisteminin növbəti Qlobal Qiymətləndirilməsini həyata keçirmək üçün ölkəmizə səfər edib.
GDP xəbər verir ki, oktyabrın 19–23-də keçiriləcək qiymətləndirmə çərçivəsində Azərbaycanın milli statistika sisteminin beynəlxalq standartlara uyğunluğu araşdırılacaq.
Qiymətləndirmə zamanı milli statistika sisteminin BMT-nin Rəsmi Statistikanın Əsas Prinsiplərinə, Avropa Statistikasının Normalar Məcəlləsinə və digər beynəlxalq tələblərə uyğunluğu nəzərdən keçiriləcək.
Eyni zamanda, rəsmi statistikanın təşkili, mövcud qanunvericilik bazası, peşəkar müstəqillik, statistik məlumatların keyfiyyəti, əlçatanlığı və məxfiliyinin qorunması məsələləri təhlil ediləcək.
Səfər çərçivəsində beynəlxalq nümayəndə heyətinin ilk görüşü Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulovla keçirilib.
Görüşdə Komitə sədri milli statistika sisteminin inkişafı, statistik məlumatların keyfiyyətinin yüksəldilməsi, rəqəmsal transformasiya istiqamətində görülən işlər və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlər barədə məlumat verib.
Azər Mursaqulov bildirib ki, Qlobal Qiymətləndirmə milli statistika sisteminin mövcud vəziyyətinin təhlili, təkmilləşdirilməsinə ehtiyac olan sahələrin müəyyənləşdirilməsi və gələcək fəaliyyətin planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
O, həmçinin beynəlxalq ekspertlərlə əməkdaşlığın vacibliyini vurğulayaraq qiymətləndirmə nəticəsində hazırlanacaq tövsiyələrin Dövlət Statistika Komitəsinin gələcək fəaliyyətində nəzərə alınacağını qeyd edib.
Nümayəndə heyətinin rəhbəri Marko Kristof isə qiymətləndirmənin Avropa standartlarına uyğun aparılacağını və nəticələr əsasında Azərbaycanın milli statistika sisteminin inkişafına dair tövsiyələrin hazırlanacağını bildirib.
Beşgünlük səfər çərçivəsində digər rəsmi statistika istehsalçıları, dövlət qurumları, beynəlxalq təşkilatlar, akademik dairələr və media nümayəndələri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda milli statistika sisteminin əvvəlki Qlobal Qiymətləndirilməsi 2016–2017-ci illərdə həyata keçirilib.




