Azərbaycan Banklar Assosiasiyasının (ABA) aparıcı iqtisadçısı Vüsal Həsənov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fransada təşkil etdiyi kənd təsərrüfatı sığortası və iqlimə uyğunlaşma üzrə beynəlxalq seminarda iştirak edib.
GDP.az xəbər verir ki, tədbir 5–6 oktyabr 2026-cı il tarixlərində OECD-nin Fransanın Bulon-Biyankur şəhərində yerləşən ofisində keçirilib.
Vüsal Həsənov seminara OECD-nin rəsmi dəvəti əsasında qatılıb. Bununla da Azərbaycanın bank sektoru Şərq Tərəfdaşlığı ölkələrində kənd təsərrüfatı sığortası, iqlim risklərinin idarə olunması və yaşıl maliyyələşdirmə məsələləri üzrə beynəlxalq müzakirələrdə təmsil olunub.
“Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində kənd təsərrüfatı sığortası və iqlimə uyğunlaşma” mövzusuna həsr edilmiş seminar PROGRESS layihəsi çərçivəsində təşkil edilib.
Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, sığorta və bank sektorunun, eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.
Seminarın əsas məqsədi iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirlərinin azaldılması, aqrar sığorta mexanizmlərinin təkmilləşdirilməsi və iqlimə davamlı investisiyaların təşviqi olub.
OECD-nin ilkin təhlillərinə əsasən, region ölkələrində kənd təsərrüfatı sığortası mexanizmləri mövcud olsa da, onlardan istifadə səviyyəsi hələ də aşağıdır. Eyni zamanda, sığorta məhsullarının bank kreditləri, dövlət subsidiyaları və digər maliyyə alətləri ilə kifayət qədər əlaqələndirilməməsi sektorun inkişafını məhdudlaşdıran əsas amillərdəndir.
İki gün davam edən seminarda beynəlxalq ekspertlər kənd təsərrüfatında iqlim risklərinin idarə olunması, sığorta sistemlərinin maliyyə dayanıqlığı və dövlət-özəl sektor əməkdaşlığı üzrə təcrübələrini bölüşüblər.
Tədbir çərçivəsində Ermənistan, Moldova və Ukraynada kənd təsərrüfatı sığortasının mövcud vəziyyətinə dair OECD-nin apardığı araşdırmaların ilkin nəticələri də təqdim edilib.
Müzakirələrdə aqrar sığortanın bank kreditləri ilə inteqrasiyası, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və iqlimə davamlı kənd təsərrüfatının maliyyələşdirilməsi xüsusi yer tutub.
Seminarın nəticələri əsasında Şərq Tərəfdaşlığı ölkələrində kənd təsərrüfatı sığortasının inkişafı və iqlimə uyğunlaşma üzrə ölkə yol xəritələrinin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan da PROGRESS layihəsinin əhatə etdiyi beş ölkədən biridir. 2024–2028-ci illəri əhatə edən və ümumi büdcəsi 20 milyon avro olan layihə Almaniya Federal Hökumətinin Beynəlxalq İqlim Təşəbbüsü çərçivəsində həyata keçirilir.
Layihənin əsas məqsədi Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada yaşıl kənd təsərrüfatının inkişafına, iqlim dəyişikliklərinə uyğunlaşmaya və dayanıqlı maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsinə dəstək verməkdir.
Azərbaycanda da aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi aktual məsələlərdəndir. Aqrar Sığorta Fondunun 2025-ci ildə açıqladığı məlumatlara əsasən, ölkədə əkin sahələrinin 30 faizi sığorta ilə əhatə olunub.
Bu baxımdan, beynəlxalq seminarda müzakirə edilən sığorta və bank maliyyələşdirməsinin əlaqələndirilməsi mexanizmləri Azərbaycanın aqrar sektorunda maliyyə əlçatanlığının artırılması və iqlim risklərinin azaldılması baxımından əhəmiyyət daşıyır.




