Biznes rəhbərinin tanınması həmişə üstünlük hesab edilmir, xüsusilə də Azərbaycanda.
Dünyanın bir çox bazarında şirkət rəhbərinin ictimai tanınması biznesin inkişafına, tərəfdaşlıqlara, investor etimadına və yeni imkanlara xidmət edir. Azərbaycanda isə bəzi biznes sahibləri və rəhbərlər üçün görünmək hələ də risk kimi qəbul olunur. Onlar müsahibə verməyə, ictimai müzakirələrdə iştirak etməyə, öz fikirlərini açıq ifadə etməyə tələsmirlər.
Bunun səbəblərini anlamaq çətin deyil. Bəziləri diqqətin biznes fəaliyyətinə əlavə suallar gətirəcəyini düşünür. Bəziləri şəxsi həyatını qorumaq istəyir. Digərləri isə ictimaiyyət qarşısında görünməyin lazımsız diqqət çəkəcəyini düşünür.
Amma burada mühüm bir sual var: Rəhbərin görünməməsi şirkəti reputasiya risklərindən həqiqətən qoruyurmu? Şirkətdə baş verə biləcək neqativ hallar Azərbaycanda rəhbərə proyeksiya olunmurmu? Şirkətin reputasiyası sahibinin reputasiyasından ayrıla bilərmi?
Əgər biznes birbaşa sahibə çox bağlıdırsa, yalnız onun qərarları, əlaqələri üzərində qurulubsa, onun reputasiyası ilə şirkətin reputasiyası arasında sərhəd onsuz da çox zəifdir. Rəhbərin davranışı, tərəfdaşlarla münasibəti, əməkdaşlara yanaşması, ictimai mövqeyi və böhran zamanı verdiyi qərarlar şirkət haqqında təsəvvürə təsir göstərir. O, danışmasa belə, onun haqqında başqaları danışır.
Burada paradoks yaranır: rəhbər ictimai görünürlükdən qaçaraq reputasiyasını qorumağa çalışır, amma informasiya məkanını başqalarının onun haqqında yaratdığı və yaydığı şərhlərin öhdəsinə buraxır.
Əlbəttə, hər biznes sahibinin ictimai sima olmaq, müsahibələr vermək və sosial şəbəkələrdə fəal iştirak etmək öhdəliyi yoxdur. Hətta, arxa planda qalaraq öz reputasiyasını və şirkətini idarə etməsi də mümkündür. Lakin ictimai görünməmək ilə peşəkar imici idarə etməmək eyni şey deyil.
Şəxsi reputasiyanın ən çətin sualı: bu uğur necə qazanılıb?
Şəxsi brend qurmaq yalnız uğurları nümayiş etdirmək, xeyriyyə layihələrində iştirak etmək və ya motivasiyaedici fikirlər səsləndirməkdən ibarət deyil. Reputasiya həm də suallara cavab vermək qabiliyyətidir.
Biznes rəhbəri ictimaiyyətə daha çox açıldıqca onun haqqında maraq artır. İnsanlar yalnız bu gün nə etdiyini deyil, haradan başladığını, hansı qərarlarla uğur qazandığını, işçilərinə necə yanaşdığını və biznesini hansı prinsiplərlə qurduğunu da bilmək istəyirlər.
Belə vəziyyətdə şəxsi brendinq keçmişi gözəl təqdim etmək və ya reputasiya üzərində kosmetik iş aparmaq vasitəsinə çevrilməməlidir. Kommunikasiya real fəaliyyətin əvəzi deyil. Əgər ictimai etimad üçün əsas olan məsələlərdə ciddi suallar varsa, onları yalnız düzgün mətnlər və uğurlu media çıxışları ilə aradan qaldırmaq mümkün deyil. Reputasiya təkcə nə danışdığınızdan deyil, suallara hansı faktlarla cavab verə bildiyinizdən də asılıdır.
Rəhbərin reputasiyası biznesə konkret nə qazandırır?
Şəxsi brend çox vaxt qeyri-maddi və ölçülməsi çətin bir anlayış kimi qəbul olunur. Halbuki onun biznes üçün praktiki nəticələri var.
İnvestorlar və tərəfdaşlar üçün etibarlı rəhbərlə tərəfdaşlıq qurmaq daha asan ola bilər. Onun qərarlarına inam əməkdaşların təşkilata bağlılığını gücləndirə bilər. Böhran zamanı ictimaiyyət rəhbərin əvvəlki davranışlarını və etibarlılığını nəzərə alaraq onun izahlarına daha inamlı yanaşa bilər.
Əksinə, rəhbərin sözləri ilə davranışları arasında uyğunsuzluq varsa, hətta düzgün biznes qərarları belə şübhə ilə qarşılana bilər.
Burada vacib məqam odur ki, şəxsi reputasiya şirkətin bütün problemlərini həll etmir. O, zəif idarəetməni, keyfiyyətsiz məhsulu və ya məsuliyyətsiz davranışı kompensasiya edə bilməz. Ancaq real keyfiyyət və düzgün idarəetmə mövcud olduqda, şəxsi brend etimadı möhkəmləndirən mühüm amilə çevrilə bilər.
Görünmək deyil, etimad qazanmaq
Şəxsi reputasiyanın məqsədi məşhur olmaq deyil. Məqsəd rəhbərin kim olduğu, hansı prinsiplərlə qərar verdiyi və biznesini necə idarə etdiyi barədə əsaslandırılmış etimad yaratmaqdır.
Bunun üçün hər rəhbərin sosial şəbəkələrdə aktiv olması və ya tez-tez mediaya çıxması vacib deyil. Bəzən bir neçə əsas prinsipin ardıcıl tətbiqi, əməkdaşlarla düzgün münasibət, tərəfdaşlar qarşısında etibarlılıq və böhran zamanı məsuliyyətli davranış onlarla müsahibədən daha çox şey deyir.
Ancaq bir reallıq dəyişmir: biznes böyüdükcə və cəmiyyətlə təması artdıqca rəhbərin reputasiyası da biznesin idarə edilməli olan aktivlərindən birinə çevrilir.
Bu gün biznes rəhbəri üçün əsas sual “Görünüm, yoxsa görünməyim?” deyil. Əsas sual budur: “Mənim haqqımda danışılanlarla mənim real fəaliyyətim arasında hansı fərq var?” Çünki reputasiyanı yalnız danışmaqla qurmaq mümkün deyil. Amma düzgün kommunikasiya ilə real fəaliyyəti görünən, anlaşılan və etibarlı etmək mümkündür.
Vüqar Baba
Strateji kommunikasiya eksperti

