Azərbaycan və İran iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və tranzit imkanlarının artırılması, eləcə də birgə infrastruktur layihələrinin icrasının sürətləndirilməsi məsələlərini müzakirə ediblər.
GDP.AZ xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.
Azərbaycan tərəfini Şahin Mustafayev, İran tərəfini isə yol və şəhərsalma naziri Fərzanə Sadiq təmsil edib.
Nazirlər Kabinetinin məlumatına görə, görüşdə iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə əlaqələrin mövcud vəziyyəti, qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Tərəflər bu ilin fevralında Bakıda keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunları üzrə əldə olunan razılaşmaların, həmçinin imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan tədbirlərin icra vəziyyətini nəzərdən keçiriblər.
Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında fəal siyasi dialoq və dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm təkan verdiyini bildirib. O, Bişkekdə dövlət başçıları arasında keçirilmiş görüşü də xüsusi qeyd edib.
“Şimal-Cənub” dəhlizinin imkanları artırılacaq
Görüşün əsas mövzularından biri nəqliyyat və tranzit əməkdaşlığı olub. Tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı və onun ötürücülük qabiliyyətinin artırılması məsələlərini müzakirə ediblər.
Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması məmnunluqla qeyd olunub. Eyni zamanda, sərhəd-keçid infrastrukturunun istifadəyə verilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Astara yük terminalında işlərin tamamlanması və terminalın yükaşırma imkanlarının genişləndirilməsi istiqamətində görülən tədbirlər də müzakirə mövzusu olub.
Şahin Mustafayev razılaşdırılmış layihələrin icrasının sürətləndirilməsinin və aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşün yekununda Azərbaycan və İran arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, Dövlət Komissiyasının 17-ci iclasında əldə edilmiş razılaşmaların ardıcıl icrası və birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi barədə razılıq əldə olunub.

