AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, TUM International GmbH-nin akademik dəstəyi ilə yaradılan AZSET – AZCON School of Engineering and Technology-nin təqdimat mərasimi baş tutub.
GDP Media xəbər verir ki, yeni təsis edilmiş məktəb Azərbaycanda sənaye və ali təhsil arasında daha praktik, beynəlxalq akademik keyfiyyət standartlarına əsaslanan və gələcəyin texnoloji peşələrinə yönəlmiş innovativ əməkdaşlıq modelini formalaşdırır.
Tədbir çərçivəsində “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təsis edilməsinə dair müqavilə imzalanıb.
AZCON Holding-in fəaliyyət strategiyasında insan kapitalının inkişafı prioritet istiqamətlərdən biridir. Proqramı yüksək akademik nəticə göstəriciləri ilə başa vuran məzunlar üçün AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərdə karyera imkanı yaradılacaq.



