Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası ödəniş alətlərindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə mədaxil əməliyyatlarına risk əsaslı yanaşmanın tətbiqi barədə razılığa gəlib.
“Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib ki, yeni yanaşmanın əsas məqsədi qanunsuz maliyyə əməliyyatlarına qarşı mübarizənin effektivliyini artırmaqdır.
“Qanunsuz kommersiya fəaliyyəti, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və qeyri-qanuni mərc oyunları ilə mübarizənin daha effektiv təşkili istiqamətində növbəti addımımızı atırıq”, – deyə Edqar Abdullayev qeyd edib.
Onun sözlərinə görə, tətbiq edilən tədbirlər ödəniş ekosistemində şəffaflığın və təhlükəsizliyin gücləndirilməsinə, riskli əməliyyatların vaxtında müəyyən edilərək qarşısının alınmasına xidmət edəcək.
Razılaşdırılmış yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus hər bir ödəniş aləti üzrə gündə maksimum 5 mədaxil əməliyyatının aparılması, aylıq mədaxil məbləğinin isə maksimum 20 min manat olması nəzərdə tutulur.
Bununla yanaşı, banklar və elektron pul təşkilatları tərəfindən müştərinin hər bir hesabına bağlı maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi planlaşdırılır. Hazırkı mərhələdə ödəniş alətləri üzrə məxaric əməliyyatlarına hər hansı limitin tətbiqi nəzərdə tutulmur.
Edqar Abdullayev vurğulayıb ki, yeni yanaşma qanuni və normal ödəniş əməliyyatları həyata keçirən istifadəçilərin gündəlik fəaliyyətinə mənfi təsir göstərməyəcək.
“Bu məhdudiyyətlər qanuni və normal ödəniş əməliyyatları həyata keçirən istifadəçilərə mənfi təsir göstərməyəcək. Əksinə, daha etibarlı, dayanıqlı və sağlam ödəniş mühitinin formalaşdırılmasına xidmət edəcək”, – deyə AzFina sədri bildirib.
Müştərilərin özlərinə və yaxın qohumlarına məxsus ödəniş alətləri üzrə apardıqları mədaxil əməliyyatları müəyyən edilmiş limitlərdən istisna olunacaq. Eyni zamanda, əməliyyatlarla bağlı zəruri məlumatların təqdim edildiyi və onların müştərinin risk profilinə uyğun olduğu hallarda limitlərin tətbiqi nəzərdə tutulmur.
Müvafiq əsaslandırmalar təqdim edildikdə, banklar və elektron pul təşkilatları tərəfindən müştərilərə əlavə ödəniş alətlərinin verilməsi də mümkün olacaq.
ABA və AzFina bildirir ki, sağlam ödəniş təcrübəsinə malik istifadəçilər POS-terminallardan, elektron bankçılıq xidmətlərindən və digər rəqəmsal ödəniş imkanlarından əvvəlki qaydada istifadə etməyə davam edəcəklər.

