AZCON Holdinqin tərkibinə daxil olan AZINTELECOM 2026-cı ilin ilk altı ayı üzrə əsas rəqəmsal xidmətlərlə bağlı əldə olunan nəticələri açıqlayıb.
GDP şirkətin məlumatına istinadən xəbər verir ki, hazırda 247 qurum bulud xidmətlərindən istifadə edir. Eyni zamanda, 147 dövlət qurumu öz resurslarını “Hökumət buludu”na köçürüb.
Hesabat dövründə “SİMA İmza” tətbiqi 7 milyon dəfə endirilib, 4,5 milyon istifadəçi isə platformada qeydiyyatdan keçib. Bundan başqa, SİMA ekosisteminə qoşulan tərəfdaşların sayı 139-a çatıb.
AZINTELECOM-un Superkompüter Mərkəzinin xidmətlərindən artıq altı qurum yararlanır. Həmçinin 73 mindən çox saxta IMEI kodunun aşkarlanaraq istifadəsinin məhdudlaşdırıldığı bildirilib.
Şirkət vurğulayıb ki, sadalanan göstəricilər fəaliyyət istiqamətlərinin yalnız bir hissəsini əhatə edir. Belə ki, hesabat dövründə informasiya təhlükəsizliyi, beynəlxalq zəng xidmətləri, telekommunikasiya avadanlıqlarının sertifikatlaşdırılması və sosial layihələr sahəsində də müsbət dinamika qeydə alınıb.
Qeyd edək ki, AZINTELECOM ölkədə rəqəmsal həllərin, bulud texnologiyalarının və elektron identifikasiya xidmətlərinin inkişafı istiqamətində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir.

