Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
GDP xəbər verir ki, görüş zamanı Dünya Bankının “İş yerləri və iqtisadi artım üçün maliyyə əlçatanlığı” (FINGROW) və nəqliyyat missiyalarının əsas nəticələri, gələcək əməkdaşlıq istiqamətləri, həmçinin layihələrin hazırlanması və icrasının sürətləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə Dünya Bankı arasında koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.
Anar Kərimov Azərbaycanın sosial-iqtisadi inkişafının dəstəklənməsi və islahat gündəliyinin həyata keçirilməsi baxımından Dünya Bankı ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirilib ki, maliyyə əlçatanlığının genişləndirilməsi, özəl sektorun maliyyələşdirilməsi və nəqliyyat infrastrukturunun inkişafı sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.
Maliyyə nazirinin birinci müavini FINGROW layihəsi üzrə hazırlıq işləri barədə də məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində nəzərdə tutulan qismən kredit zəmanəti və kapital maliyyələşdirilməsi komponentlərinin icrası üçün müvafiq maliyyələşdirmə və hüquqi mexanizmlərin formalaşdırılması, eləcə də layihənin konseptual çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Görüşdə Dünya Bankının maliyyələşdirdiyi “Regional Yollar və İnkişaf” layihəsinin cari ilin mart ayında uğurla başa çatdığı da bildirilib.
Yol sektorunda əməkdaşlığın davamı olaraq “M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması” layihəsinin hazırlanması, həmçinin Dünya Bankı tərəfindən kredit və texniki yardımın göstərilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi qeyd edilib.
Roland Prays Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. O, FINGROW layihəsi çərçivəsində maliyyə əlçatanlığının genişləndirilməsi və nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş təşəbbüslərin reallaşdırılması üçün Dünya Bankının maliyyə və ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Tərəflər sözügedən istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsinin və qarşılıqlı koordinasiyanın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.




