Rusiya Prezidenti Vladimir Putin noyabrın 2-də MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icrası zamanı məlumat mübadiləsini nəzərdə tutan sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
GDP xəbər verir ki, sazişə əsasən, Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti barəsində icra icraatı aparılan, Azərbaycanda yaşayan və ya burada əmlakı olan Rusiya vətəndaşları barədə Azərbaycanın aidiyyəti dövlət qurumlarına sorğu göndərə biləcək.
Sorğular borcluların iş yeri, rəsmi gəlirləri, bank hesabları, daşınmaz əmlakı, avtomobilləri, şirkətlərdəki payları və digər aktivləri barədə məlumatları əhatə edəcək. Saziş qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutur. Azərbaycan tərəfi də müvafiq icra işləri üzrə Rusiyanın aidiyyəti qurumlarından məlumat tələb edə biləcək.
Məlumatlar konkret icra işi üzrə göndərilən sorğu əsasında mübadilə ediləcək. Sazişin məqsədi məhkəmə qərarlarının və digər səlahiyyətli orqanların aktlarının icrası zamanı borcluların əmlak və gəlirlərini müəyyənləşdirmək, həmçinin dövlətlər arasında hüquqi əməkdaşlığı gücləndirməkdir.
Qeyd edək ki, sənəd 2025-ci il mayın 13-də Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb.

