Azərbaycanlı sahibkar Teymur Kutseba və həmtəsisçiləri tərəfindən yaradılan İnMedia platforması süni intellekt əsasında məzmun istehsalını avtomatlaşdırır.
GDP xəbər verir ki, startap artıq Microsoft və Cloudflare kimi texnoloji nəhənglərin dəstəyini qazanıb.
Platforma onlarla AI alətini vahid sistemdə birləşdirərək media, biznes və dövlət qurumları üçün məzmun yaradılmasını tam avtomatlaşdırır. İnMedia informasiya hadisələrini aşkarlayır, məlumatları yoxlayır, mətn, şəkil və video hazırlayır, həmçinin məzmunu birbaşa dərc edir – bütün bunlar istifadəçini müxtəlif xidmətlər arasında keçid etmək məcburiyyətindən azad edir.
Komandanın hesablamalarına görə, platforma məzmun istehsalını 24,6 dəfə sürətləndirir, xərcləri 70% azaldır və hər bir məzmun vahidini 62 dəfə ucuzlaşdırır.
Teymur Kutseba vurğulayıb: “Jurnalist jurnalist olaraq qalmalı, prompt-mühəndislik üzrə mütəxəssis olmamalıdır.” Onun sözlərinə görə, texnologiya insanı əvəz etməməli, işini asanlaşdırmalıdır.
Qeyd edək ki, Kutseba hələ 19 yaşında ilk startapını Silikon Vadisində Google ofisində investorlara təqdim edib və ABŞ-a köçmək təklifindən imtina edib.
Hazırda İnMedia Qazaxıstan bazarına çıxır, Silkway Accelerator proqramında iştirak edir və yaxın perspektivdə Özbəkistan, Qırğızıstan, Gürcüstan və Türkiyədə fəaliyyət göstərməyi planlaşdırır. Qurucuların strateji hədəfi dünya səviyyəli AI şirkəti yaratmaq və İnMedia-nı Google, Microsoft, Amazon və ya NVIDIA kimi iri texnoloji korporasiyalar üçün satınalma hədəfinə çevirməkdir.

