Azərikard Prosessinq Mərkəzi 24 iyun 2026-cı il tarixində Mərkəzin xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb.
Mərkəzdən verilən məlumata görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı texniki səbəbdən baş vermiş təkrarlanmalar nəticəsində yaranıb. Bildirilib ki, sözügedən hal Azərikarddan asılı olmayan səbəblərlə bağlı olub.
Hazırda təkrarlanmış əməliyyatlar ləğv edilir və müştərilərin hesabları mərhələli şəkildə bərpa olunur. Azərikard məsələnin yaxın zamanda tam həllini tapacağını açıqlayıb.
Qeyd edək ki, “Azərikard” Prosessinq Mərkəzinin açıqlamasından da göründüyü kimi, kart hesablarında yaranmış problem kiberhücumla bağlı deyil. Mərkəzin məlumatına əsasən, hadisə banklararası hesablaşma fayllarının emalı zamanı texniki səbəbdən baş vermiş təkrarlanmalar nəticəsində yaranıb.

