bp şirkəti “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi Mərkəzi Azəri platformasında 11 gün davam edəcək planlaşdırılmış profilaktik işlər proqramına başlayıb.
GDP xəbər verir ki, şirkətin məlumatına görə, işlər avqustun 19-dan etibarən AÇG üzrə illik iş proqramı çərçivəsində həyata keçirilir.
Profilaktik işlər müddətində Mərkəzi Azəri platformasında hasilat müəyyən qədər azaldılacaq, lakin tam dayandırılmayacaq. bp bildirir ki, platformalarda tətbiq edilən qabaqcıl texnologiyalar texniki xidmət və profilaktik tədbirlər zamanı hasilatın təhlükəsiz şəkildə davam etdirilməsinə imkan verir. Bununla da işlərin hasilata təsirinin minimuma endirilməsi nəzərdə tutulur.
Azəri sahəsindəki qurğuların layihələndirilməsi və əməliyyat konfiqurasiyasının inteqrasiya olunmuş xarakter daşıması səbəbindən 11 günlük müddət ərzində Şərqi Azəri və Qərbi Azəri platformalarında da hasilat müvəqqəti olaraq azaldılacaq.
Proqram çərçivəsində mühüm bütövlük və texniki xidmət işlərinin görülməsi, məşəl sisteminin təkmilləşdirilməsi, avadanlıqların etibarlılığının artırılması və mövcud anomaliyaların aradan qaldırılması nəzərdə tutulur.
Bununla yanaşı, profilaktik işlər Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsinin icrası ilə bağlı bir sıra tədbirləri də əhatə edəcək. Layihənin əsas məqsədi platformada qazın yenidən laylara vurulması gücünü artırmaq və mövcud quyulardan neftvermənin maksimum səviyyəyə çatdırılmasına dəstək verməkdir.
CAGE layihəsi çərçivəsində kompressorun giriş xəttindəki kollektor boru sistemində dəyişikliklərin aparılması, temperatur cihazlarının dəyişdirilməsi və istiqamətləndirici klapanların quraşdırılması planlaşdırılır. Bu tədbirlər qazın laylara vurulması imkanlarının genişləndirilməsinə və əməliyyat çevikliyinin artırılmasına xidmət edəcək.
bp qeyd edir ki, Mərkəzi Azəri platformasındakı profilaktik işlər normal əməliyyatların bir hissəsidir və əvvəlcədən planlaşdırılıb. Proqramın hazırlanmasına 2025-ci ildə başlanılıb və görüləcək işlər AÇG üzrə 2026-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Hasilatın müvəqqəti azaldılması da cari ilin hasilat proqnozunda nəzərə alınıb.
Bu müddətdə AÇG-nin digər platformalarında və “Şahdəniz” yatağının platformalarında hasilat, eləcə də Səngəçal terminalında əməliyyatlar normal rejimdə davam etdiriləcək.
Şirkət bildirir ki, profilaktik xidmət, təmir və modifikasiya tədbirlərindən ibarət proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı və bütöv şəkildə istismarının, həmçinin hasilat göstəricilərinin qorunmasının vacib hissəsidir.

