Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv bankların reyestrində dəyişiklik edilib.
GDP Fonda istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli qərarına əsasən, Bank “BTB” ASC-nin bank lisenziyası ləğv olunub. Qərar bankın müraciəti əsasında, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa və “Bankların yenidən təşkili haqqında Qaydalar”a uyğun olaraq qəbul edilib.
Bununla da, Bank “BTB” ASC-nin “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-yə çevrilməsi prosesi yekunlaşıb.
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq, BTB Bank iştirakçı bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.
Fond eyni zamanda 5 avqust 2026-cı il tarixinə olan iştirakçı bankların yenilənmiş siyahısını açıqlayıb. Hazırda reyestrdə 21 bank yer alır.
Siyahıya “Xalq Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “AccessBank”, “Azər-Türk Bank”, “Bank of Baku”, “Bank Respublika”, “Kapital Bank”, “Yelo Bank”, “Rabitəbank”, “TuranBank”, “Unibank”, “Yapı Kredi Bank Azərbaycan”, “Expressbank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Avrasiya”, “PAŞA Bank”, “AFB Bank”, “Bank VTB (Azərbaycan)”, “Premium Bank” və “Ziraat Bank Azərbaycan” daxildir.
Qeyd edək ki, ƏSF-yə üzvlük Azərbaycanda fəaliyyət göstərən banklarda yerləşdirilmiş qorunan əmanətlərin sığortalanmasını təmin edir.


