“Bir” ekosistemi ilə “UnionPay International” arasında strateji tərəfdaşlığın ilkin mərhələsi üzrə imkanlar açıqlanıb.
Bu barədə “Bir”in Ödənişlər biznesinin rəhbəri Cəlal Orucov sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, “UnionPay International”ın baş icraçı direktoru Lixin Vanq və şirkətin nümayəndə heyəti ilə Bakıda görüş keçirilib. Görüş çərçivəsində tərəflər arasında əməkdaşlığın başlanması və gələcək inkişaf istiqamətləri müzakirə olunub.
Hazırda “UnionPay” kart sahibləri “Birbank”ın 1300-ə yaxın bankomatından nağd vəsait çıxara, həmçinin 1000-dən çox onlayn ticarət nöqtəsində ödəniş həyata keçirə bilirlər.
Layihənin növbəti mərhələsində “UnionPay” kartları ilə “Birbank”ın POS və mPOS şəbəkəsində ödənişlərin qəbulu, eləcə də “UnionPay” kartlarına pul köçürülməsi imkanının yaradılması nəzərdə tutulur.
C.Orucov qeyd edib ki, tərəfdaşlıq Azərbaycana gələn xarici qonaqların ödəniş imkanlarını asanlaşdırmaqla yanaşı, yerli sahibkarlar üçün də yeni müştəri auditoriyasına çıxış imkanı yaradacaq.
“Texnologiyanın ən böyük dəyəri insanların həyatını asanlaşdırmasıdır. Bu əməkdaşlıq sayəsində həm ölkəmizə gələn qonaqlar ödənişlərini daha rahat həyata keçirəcək, həm də yerli sahibkarlar üçün yeni imkanlar yaranacaq”, – deyə o bildirib.
C.Orucov əməkdaşlığın həyata keçirilməsində iştirak edən tərəfdaşlara və komanda üzvlərinə təşəkkür edib, növbəti görüşün Çində keçiriləcəyinə ümid etdiyini vurğulayıb.

