Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan “Bir” Çinin aparıcı ödəniş sistemi “UnionPay”in beynəlxalq törəmə şirkəti “UnionPay International” ilə strateji tərəfdaşlığa başlayıb.
GDP xəbər verir ki, əməkdaşlıq nəticəsində “UnionPay” kart sahiblərinin Azərbaycanda ödəniş və nağdlaşdırma imkanları genişləndiriləcək, ölkənin qlobal ödəniş infrastrukturuna inteqrasiyası isə daha da güclənəcək.
Tərəfdaşlığın ilk mərhələsi artıq yekunlaşıb. Hazırda “UnionPay” kart sahibləri “Bir” ekosisteminə daxil olan “Birbank”ın 1300-ə yaxın bankomatından nağd vəsait çıxara, həmçinin 1000-dən çox onlayn ticarət nöqtəsində təhlükəsiz ödəniş həyata keçirə bilirlər.
Layihənin növbəti mərhələsində “UnionPay” kartlarının “Birbank”ın POS-terminal şəbəkəsində də qəbulu təmin ediləcək. Bununla kart sahibləri ölkə üzrə minlərlə fiziki ticarət nöqtəsində kontaktsız və PIN-kod vasitəsilə ödəniş edə biləcəklər.
Bundan əlavə, “Birbank” istifadəçiləri “UnionPay” kartlarına pul köçürmək imkanı əldə edəcəklər. Layihə tam həyata keçirildikdən sonra “Bir” ekosistemi “UnionPay” kartlarının bankomatlar, elektron ticarət platformaları, POS terminalları və mobil POS cihazları daxil olmaqla bütün əsas akvayrinq kanalları üzrə qəbulunu təmin edəcək.
Şirkətdən bildirilib ki, əməkdaşlıq Azərbaycanın Avropa və Asiyanı birləşdirən regional ticarət, turizm və biznes mərkəzi kimi rolunun gücləndiyi bir dövrə təsadüf edir. “UnionPay” kartlarının ölkədə daha geniş qəbul edilməsi xarici ziyarətçilərin Azərbaycanda rahat və təhlükəsiz ödəniş etməsinə şərait yaradacaq.
Eyni zamanda, yerli sahibkarlar əlavə texniki inteqrasiyaya ehtiyac olmadan daha geniş beynəlxalq müştəri auditoriyasına xidmət göstərə biləcəklər.
“Bir”in Ödənişlər biznesinin rəhbəri Cəlal Orucov bildirib ki, insanların xarici ölkələrdə istifadə etdikləri kartların problemsiz işləməsi artıq əlavə üstünlük deyil, standart gözləntidir.
“Biz beynəlxalq ödəniş şəbəkələri ilə əməkdaşlıqlarımızı məhz bu gözləntini qarşılamaq üçün genişləndiririk. ‘UnionPay’lə tərəfdaşlıq həm ölkəmizə gələn kart sahibləri üçün ödənişləri daha rahat edir, həm də yerli bizneslərə daha geniş beynəlxalq auditoriyaya çıxış imkanı yaradır”, – deyə C.Orucov qeyd edib.
“UnionPay International”ın baş icraçı direktoru Van Lisin isə Azərbaycanı şirkət üçün əhəmiyyətli bazarlardan biri adlandırıb.
“Bir ilə əməkdaşlığımız Azərbaycanda ‘UnionPay’ kart sahiblərinə daha rahat xidmət almağa imkan verir. Əməkdaşlığın ilk nəticələri artıq istifadəçilər üçün əlçatandır. Növbəti mərhələlərdə bu imkanları daha da genişləndirəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, 2025-ci ildə fəaliyyətə başlayan “Bir” ekosistemi “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqini, “Birmarket” elektron ticarət platformasını, “MilliÖn” ödəniş terminallarını və “m10” rəqəmsal pul kisəsini birləşdirir. Ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir.

