Naxçıvan Muxtar Respublikasında aksizli məhsulların dövriyyəsinə nəzarət tədbirləri çərçivəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkarlanıb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) verilən məlumata görə, aksizli məhsulların istehsalı və satışında şəffaflığın artırılması, eləcə də vergi intizamının gücləndirilməsi məqsədilə operativ vergi nəzarəti tədbirləri davam etdirilir.
DVX-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlər zamanı saxta aksiz markaları ilə markalanmış məhsulların satışı və satış məqsədilə saxlanılması faktları müəyyən edilib.
Belə ki, Kəngərli rayonunun Qarabağlar kəndində Sahil Murtuzayevə məxsus anbarda külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkarlanıb. Müvafiq sənədləşmə aparıldıqdan sonra həmin məhsullar götürülüb.
Faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırma aparılır.
DVX sahibkarlıq subyektlərini vergi və digər qanunvericilik aktlarının tələblərinə ciddi riayət etməyə çağırıb. Bildirilib ki, aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.




