Hörmətli iqtisadçı həmkarım Natiq Cəfərli Maliyyə Nazirliyinin Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxalı əvəzetmə siyasətinin dəstəklənməsi ilə bağlı açıqlamasını məsuliyyət və səlahiyyət bölgüsü kontekstində şərh edib. Söhbət bu fikirdən gedir:
«“Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxalı əvəzetmə siyasətinin dəstəklənməsi məqsədilə buğda, ət, süd, balıq və bitki yağları kimi strateji məhsullar üzrə istehsal potensialının artırılması, məhsuldarlığın yüksəldilməsi, intensiv istehsal üsullarının tətbiqi və dövlət dəstəyi mexanizmlərinin nəticəyönümlü şəkildə təkmilləşdirilməsi təmin edilməlidir”.»
Natiq müəllimin şərhinin əsas leytmotivlərindən biri bundan ibarətdir ki, əgər məsələ müvafiq dövlət qurumlarının səlahiyyətlərinə aiddirsə, Maliyyə Nazirliyi bu irad və təklifləri həmin nazirliklərə birbaşa və ya Nazirlər Kabineti vasitəsilə çatdırmalıdır.
Davamlı olaraq mühüm iqtisadi çağırışları doğru prizmalardan dəyərləndirən, bəzən geniş, bəzən isə daha dərin yanaşmalar ortaya qoyan Natiq müəllimin bu dəfə məsələyə yanaşmasında emosional tərəfin daha çox ön plana çıxdığını düşünürəm. Çünki Maliyyə Nazirliyinin açıqlamasına yalnız səlahiyyət bölgüsü prizmasından deyil, fiskal siyasət və dövlət dəstəyinin səmərəliliyi baxımından da yanaşmaq lazımdır.
Əsas mesaj dövlət dəstəyinin nəticəyönümlü olmasıdır
Maliyyə Nazirliyinin açıqlamasında mənim üçün əsas fikir strateji məhsullar üzrə istehsal potensialının artırılmasından daha çox, bunun hansı mexanizmlərlə həyata keçirilməli olduğuna dair vurğudur:
“Dövlət dəstəyi mexanizmlərinin nəticəyönümlü şəkildə təkmilləşdirilməsi təmin edilməlidir”.
Bu, ilk növbədə fiskal siyasəti həyata keçirən Maliyyə Nazirliyinin yalnız digər dövlət qurumlarına deyil, eyni zamanda ictimaiyyətə və biznesə verdiyi mesaj kimi qiymətləndirilə bilər.
Çünki buğda, ət, süd, balıq, bitki yağları və digər strateji məhsulların istehsalı ilə dövlət və ya ayrı-ayrı nazirliklər məşğul olmamalıdır. Bazar iqtisadiyyatında istehsalın əsas drayveri özəl sektordur. Dövlətin vəzifəsi isə sahibkarın istehsal və investisiya qərarlarını stimullaşdıracaq mühiti, infrastrukturu və dəstək mexanizmlərini formalaşdırmaqdır.
Bu baxımdan, “dövlət dəstəyi mexanizmlərinin nəticəyönümlü şəkildə təkmilləşdirilməsi” ifadəsi mühüm iqtisadi məna daşıyır. Beynəlxalq təcrübədən istifadə etməklə strateji istiqamətlərdə idxalın əvəzlənməsi və ixrac potensialının artırılması üçün daha səmərəli, ölçülə bilən və zərurət yaranarsa əlavə dövlət dəstəyi mexanizmləri tətbiq edilə bilər.
Səmərəli dövlət dəstəyinə sadəcə büdcədən xərc kimi baxmaq düzgün deyil. Əgər həmin dəstək yeni istehsal, məşğulluq, investisiya və ixrac yaradırsa, dövlətin ayırdığı vəsait sonrakı illərdə daha yüksək vergi və digər büdcə daxilolmaları şəklində geri qayıda bilər.
Maliyyə Nazirliyinin strateji yanaşmalarından biri də məhz bu olmalıdır.
Büdcə gəlirlərinin mənbəyi də gəlirin özü qədər vacibdir
Dövlət büdcəsinin gəlirlərini təhlil edərkən mən daxilolmalara iki aspektdən yanaşıram.
Birinci kateqoriya iqtisadi dəyər yaradan fəaliyyətdən formalaşan daxilolmalardır. Mənfəət və gəlir vergilərini buna nümunə göstərmək olar. Bunlar iqtisadi fəaliyyətin genişlənməsi, gəlirlərin və mənfəətin artması nəticəsində yaranan sağlam büdcə daxilolmalarıdır və eyni zamanda ÜDM-in keyfiyyətinin göstəricilərindən biridir.
İkinci kateqoriya isə iqtisadi dəyər itkisi və ya əlavə xərc formalaşdırmaqla büdcəyə daxil olan vəsaitlərdir. Rüsum və cərimələri buna nümunə göstərmək olar.
Mənim üçün ikinci növ daxilolmaların sürətli artması gələcək illərin büdcə gəlirləri baxımından müəyyən çağırışların göstəricisidir. Dövlət üçün yalnız büdcəyə nə qədər vəsaitin daxil olması deyil, həmin vəsaitin iqtisadiyyatın hansı fəaliyyətindən və hansı mexanizmlə formalaşması da əhəmiyyətlidir.
Gömrük fiskal alət, yoxsa iqtisadi siyasət aləti?
Bu məsələnin ən aydın nümunələrindən biri gömrük siyasətidir.
Hələ 2011-ci ildə təklif etmişdim ki, gömrük siyasətinin fəlsəfəsi dəyişdirilsin. Gömrüyün əsas qayğısı dövlət büdcəsinə maksimum vəsait köçürmək və müəyyən edilmiş fiskal planı yerinə yetirmək deyil, ölkədə istehsal və emalın inkişafına xidmət etmək olmalıdır.
Əsas suallar bunlar olmalıdır: hansı məhsulların idxalını iqtisadi alətlərlə azaltmaq mümkündür ki, onların ölkə daxilində istehsalı və emalı artsın? Hansı avadanlıq və xammalın ölkəyə daxil olması asanlaşdırılmalıdır ki, investisiya qoyuluşları genişlənsin? Yerli istehsalçı hansı sahələrdə qorunmalı, hansı sahələrdə isə rəqabət gücləndirilməlidir?
2010-cu ildə Dövlət Gömrük Komitəsinin dövlət büdcəsinə ödədiyi vəsait təxminən 1,1 milyard manat idi. Həmin dövrdə yüksək neft gəlirləri ölkəyə gömrük siyasətinin fiskal yükünü azaltmaq üçün mühüm imkan verirdi.
Təklifim bundan ibarət idi ki, DGK qarşısında büdcəyə ödəniş planı əsas hədəf olmaqdan çıxarılsın. Qısamüddətli dövrdə gömrükdən daxilolmaların, məsələn, 1,1 milyard manatdan 500-600 milyon manata düşməsi mümkün idi. Lakin düzgün qurulmuş siyasət nəticəsində istehsal və emalın genişlənməsi bu itkini sonrakı mərhələdə ÜDM, məşğulluq və vergi daxilolmalarının artımı ilə kompensasiya edə bilərdi.
O dövrdə hazırladığım strateji təhlillərdə 2010-2011-ci illərin neft hasilatının pik dövrü olduğunu, sonrakı illərdə hasilatın azalacağını və 2014-cü ildən etibarən neft qiymətlərinin 60 dollardan aşağı düşməsi riskinin yarandığını da qeyd etmişdim. Məqsəd qeyri-neft istehsalını gücləndirməklə gələcək neft gəlirlərində mümkün azalmanın təsirlərini qabaqlamaq idi.
Təəssüf ki, həmin fürsət dövründə gömrüyün fiskal funksiyasının çəkisini əhəmiyyətli şəkildə azaltmaq mümkün olmadı.
Bu gün vəziyyət daha mürəkkəbdir. 2026-cı ildə DGK-nın dövlət büdcəsinə 6,5-7 milyard manat həcmində vəsait ödəməsi nəzərdə tutulursa və bu vəsaitin təxminən 65%-ni idxal ƏDV-si təşkil edirsə, bu, iqtisadi struktur baxımından ciddi siqnaldır.
Artıq həmin gəlirləri kəskin azaltmaq büdcə üçün asan deyil. Deməli, bir tərəfdən mövcud fiskal reallığı nəzərə almalı, digər tərəfdən istehsal və emalı genişləndirməliyik. Bu mərhələdə dövlət dəstəyi və təşviq mexanizmlərinin rolu daha da artır.
Ancaq dövlət dəstəyi vacib olsa da, həlledici deyil. İstehsalın inkişafı üçün institusional mühitdən rəqabətə, maliyyələşmədən idarəetməyə, insan kapitalından bazarlara çıxışa qədər digər fundamental məsələlərin də həlli tələb olunur.
Maliyyə dayanıqlığını real iqtisadi üstünlüyə çevirə bilirikmi?
Azərbaycanın mühüm üstünlükləri var. Adambaşına düşən xarici borc yükü və xarici valyuta ehtiyatları baxımından ölkəmizin mövqeyi kifayət qədər dayanıqlıdır.
Əsas sual isə budur: niyə bu güclü tərəflərimizi digər iqtisadi göstəricilərə eyni effektivliklə transfer edə bilmirik?
Resurs iqtisadiyyatının spesifik xüsusiyyətləri və yaratdığı struktur problemləri düzgün qiymətləndirilməlidir. İqtisadi siyasət yalnız “pozitiv olaq” yanaşması üzərində qurula bilməz. Rasional, tənqidi, riskyönümlü və soyuqbaşlı təhlillər aparılmalı, qarşıdakı 4-5 ilin mümkün ssenariləri əvvəlcədən qiymətləndirilməlidir.
Belə yanaşma olsaydı, bir sıra sahələrdə bugünkü problemlər və aşağı göstəricilər bizi hazırlıqsız yaxalamazdı.
Kənd təsərrüfatı, ixrac və iqtisadi idarəetmə
Kənd təsərrüfatının inkişafına uzun müddət əsasən əkin-biçin prizmasından yanaşmışıq. Halbuki kənd təsərrüfatı eyni zamanda iqtisadi idarəetmə konsepsiyasıdır.
İstehsal zənciri, məhsuldarlıq, logistika, emal, maliyyələşmə, sığorta, satış bazarları, ixrac və risklərin idarə edilməsi vahid sistem kimi nəzərdən keçirilmədikcə yalnız əkin sahələrinin və ya istehsal həcminin artırılması davamlı nəticə verməyə bilər.
İxrac siyasətində də uzun müddət xarici ölkələrdə sərgi və təqdimatların təşkilinə həddindən artıq böyük rol vermişik. Halbuki ixrac siyasəti istehsalçının rəqabət qabiliyyətindən məhsul standartlarına, logistika xərclərindən maliyyələşməyə, bazar araşdırmalarından ticarət diplomatiyasına qədər daha geniş sistemdir.
İqtisadi idarəetmənin ən böyük problemlərindən biri: kadr və təhlil
Kadr siyasətində də ciddi problemlər qalmaqdadır.
Tənqidi düşüncəyə bəzən “təxribatçı düşüncə” kimi yanaşılması, riskyönümlü təhlillərin zəifliyi, makro və mikroiqtisadi araşdırmaların kifayət qədər dərin aparılmaması qərarların keyfiyyətinə təsir edir.
Məsələn, son illərin əsas iqtisadi çağırışlarından biri inflyasiyadır. Ayrı-ayrı məhsullar üzrə qiymət artımlarının səbəbləri, maya dəyərinin komponentləri, idxal və daxili istehsal amillərinin təsiri, qiymət trendləri və orta müddətli proqnozlar sistemli şəkildə araşdırılmalıdır.
Kadr siyasətində nepotizm, tayfabazlıq, yerlibazlıq, “sözəbaxanlıq” və “başıaşağılıq” kimi qeyri-peşəkar meyarların peşəkarlığın önünə keçməsi isə institusional inkişaf üçün ciddi riskdir.
Şəxsən mən kadr seçimində üç əsas xüsusiyyətə üstünlük vermişəm: dürüstlük, tənqidi düşüncə və problem həll etmə bacarığı.
Dürüst insan öz məsuliyyətini anlayır, özünə və işlədiyi instituta hörmət edir. Tənqidi düşüncə problemləri və riskləri onlar böyümədən aşkar etməyə imkan verir. Problem həll etmə bacarığı isə mütəxəssisin əsas dəyərini müəyyənləşdirir: problemi görür və həll edirsə, nəticə yaranır.
Bunun əvəzində bütün vəzifələr üçün kommunikasiya və komandada işləmək bacarığını universal əsas meyar kimi təqdim etmək doğru deyil. Bəzi peşələrdə fərdi ustalıq, analitik qabiliyyət, konsentrasiya və müstəqil işləmə bacarığı daha vacibdir. Məsələn, kibertəhlükəsizlik üzrə yüksək səviyyəli mütəxəssisdən ilk növbədə sosiallıq deyil, peşəkar ustalıq və problem həll etmə qabiliyyəti tələb olunur.
Data olmadan keyfiyyətli iqtisadi siyasət qurmaq çətindir
Digər fundamental problem datadır.
Keyfiyyətli və strukturlaşdırılmış məlumat bazalarının zəifliyi təhlilin keyfiyyətini də aşağı salır. Bu istiqamətdə ölkə Prezidentinin mühüm fərmanı var və qarşıdakı dövrdə real addımların atılacağına ümid edirəm.
Data zəifdirsə, təhlil də zəifləyir. Təhlil zəifdirsə, iqtisadi siyasət riskləri əvvəlcədən görə bilmir. Beyin mərkəzlərinin əsas funksiyası yalnız sorğular və imtahanlar keçirmək deyil, iqtisadiyyatın struktur problemlərini araşdırmaq, ssenarilər hazırlamaq və qərarvericilərə alternativlər təqdim etmək olmalıdır.
Eyni zamanda bəzi dövlət qurumlarının öz əsas funksiyalarını tam əhatə edə bilməməsi nəticəsində başqa qurumlar onların missiya və səlahiyyətlərinin bir hissəsini üzərinə götürməyə çalışırlar. Bu isə həmin qurumların həddindən artıq yüklənməsi riskini yaradır.
Əgər sistem daxilində düzgün geridönüş, koordinasiya, nəticəyönümlü fəaliyyət və vahid iqtisadi siyasət mexanizmi formalaşmasa, işləyən qurumların üzərinə getdikcə daha çox yük düşəcək.
Bu da ayrıca institusional riskdir.
Nəticə: əsas məsələ daha çox pul deyil, daha səmərəli iqtisadi mexanizmdir
Maliyyə Nazirliyinin ərzaq təhlükəsizliyi və idxalın əvəzlənməsi ilə bağlı açıqlamasını da məhz bu geniş kontekstdə qiymətləndirmək lazımdır.
Problem yalnız hansı nazirliyin hansı məsələ ilə məşğul olmasında deyil. Əsas məsələ dövlətin malik olduğu maliyyə və institusional imkanların real istehsala, emala, məhsuldarlığa, investisiyaya və ixraca necə çevrilməsidir.
Azərbaycanın maliyyə dayanıqlığı mühüm üstünlükdür. Lakin maliyyə dayanıqlığı avtomatik olaraq struktur baxımından güclü iqtisadiyyat demək deyil.
İndi əsas hədəf mövcud üstünlükləri iqtisadiyyatın digər sahələrinə transfer etmək olmalıdır. Bunun üçün dövlət dəstəyinin həcmini artırmaqdan daha çox onun nəticəsini ölçmək, gömrük və vergi siyasətini istehsal məqsədləri ilə uzlaşdırmaq, kənd təsərrüfatına iqtisadi idarəetmə sistemi kimi yanaşmaq, ixrac siyasətinin mahiyyətini genişləndirmək, keyfiyyətli data və təhlil infrastrukturu qurmaq və kadr siyasətində peşəkarlığı əsas meyara çevirmək lazımdır.
Çünki iqtisadi siyasətin uğuru yalnız büdcəyə bu gün nə qədər vəsait daxil olması ilə deyil, bu gün qəbul edilən qərarların 4-5 ildən sonra nə qədər iqtisadi dəyər yaradacağı ilə ölçülməlidir.
Müəllif :Elman Sadıqov/iqtisadçı

