Qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə yeni dəyişikliklər təklif edilib. Bu dəyişikliklər səhmlərin və istiqrazların emissiyasının kütləvi şəkildə daha sadələşdirilmiş mexanizm əsasında həyata keçirilməsinə imkan yaradacaq.
GDP xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 17-də keçirilən iclasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov deyib.
Fərid Osmanov bildirib ki, prosesdə əsas prioritetlərdən biri şəffaflıq və nəzarətdir. Onun sözlərinə görə, bu məqsədlə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilir ki, Mərkəzi Bank və aidiyyəti qurumlar effektiv nəzarət və tənzimləmə funksiyalarını həyata keçirə bilsinlər.
“Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər təklif olunub. Bu dəyişikliklər, kraudfandinq qaydalarının pozulması hallarında Mərkəzi Bank və digər səlahiyyətli orqanlar tərəfindən inzibati məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutur. Bundan əlavə, valyuta tənzimləmə qaydalarının pozulması ilə bağlı da yeni normaların müəyyən edilməsi təklif edilib”, – deyə F.Osmanov bildirib.

