Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.
Mərkəzi Bankdan verilən məlumata görə, qərar qəbul olunarkən ölkədə faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər hərtərəfli nəzərə alınıb.
Qeyd edilib ki, inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi yumşaq pul siyasətinin aparılmasını dəstəkləyir.
Mərkəzi Bank qeyd edir ki, məhz bu iki əks istiqamətli amilin bir-birini tarazlaşdırması faiz dəhlizi parametrlərinin hazırkı səviyyədə saxlanmasına səbəb olub.

