Azərbaycan Mərkəzi Bankının baş direktor müavini Ramil Mahmudov Almatıda keçirilən “Silk Road Cash & Payments Conference 2026” beynəlxalq konfransında iştirak edib.
GDP xəbər verir ki, Ramil Mahmudov tədbirdə “Azərbaycanın milli ödəniş infrastrukturunun inkişafı” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı ölkənin milli ödəniş sistemlərinin inkişafı sahəsində əldə etdiyi təcrübə və nəticələr, ani ödənişlərin sürətli artımı, rəqəmsal ödənişlərin qəbulu və AZQR həllinin tətbiqi barədə məlumat verilib.
Çıxışda Azərbaycanın ödəniş ekosisteminin gələcək inkişaf istiqamətləri də diqqət mərkəzində olub. Ödəniş sistemləri arasında qarşılıqlı inteqrasiyanın genişləndirilməsi, ani ödənişlərin daha da inkişaf etdirilməsi və sərhədlərarası ödəniş bağlantılarının gücləndirilməsi imkanları müzakirə edilib.
Konfransda 32 ölkənin mərkəzi banklarının və maliyyə institutlarının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılar arasında təcrübə mübadiləsi, beynəlxalq dialoq və əməkdaşlığın genişləndirilməsi üçün platforma rolunu oynayıb.
Ramil Mahmudov tədbirin təşkilatçısı “Currency Research”ə müxtəlif ölkələrdən ödəniş sahəsi üzrə mütəxəssisləri bir araya gətirdiyinə və nağd və rəqəmsal ödənişlərin gələcəyinin müzakirəsi üçün imkan yaratdığına görə təşəkkürünü bildirib.






