Dövlət müəssisələrində maliyyə intizamının və şəffaflığın gücləndirilməsi, eləcə də fiskal risklərin daha səmərəli idarə olunması məqsədilə 2026-cı ilin II rübündə 22 dövlət müəssisəsinin monitorinqi həyata keçirilib.
Monitorinq Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi tərəfindən aparılıb.
Proses Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli, 570 nömrəli Fərmanı ilə təsdiq edilmiş Monitorinq Qaydalarına uyğun həyata keçirilib. Monitorinqin nəticələri əsasında müvafiq hesabat hazırlanaraq təqdim edilib.
Monitorinq çərçivəsində dövlət müəssisələrinin maliyyə nəticələri və əsas fəaliyyət göstəriciləri təhlil olunub. Eyni zamanda, müəssisələrin fəaliyyəti ilə bağlı yarana biləcək fiskal risklər müəyyənləşdirilib və dövlət müəssisələri müvafiq fiskal risk reytinqləri üzrə təsnifləşdirilib.
Yeni monitorinq mexanizmi dövlət müəssisələrinin maliyyə vəziyyəti və fəaliyyət göstəriciləri barədə sistemli məlumat bazasının formalaşdırılmasına, fiskal risklərin erkən mərhələdə müəyyən edilməsinə və idarəetmə qərarlarının daha dolğun maliyyə məlumatları əsasında qəbuluna imkan yaradır.
Monitorinqin əhatə dairəsi də mərhələli şəkildə genişləndirilir. Belə ki, 2026-cı ilin I rübündə 10 dövlət müəssisəsi monitorinqə cəlb edilmişdisə, II rübdə onların sayı 22-yə çatdırılıb. Bununla da monitorinqə cəlb olunan müəssisələrin sayı əvvəlki rüblə müqayisədə iki dəfədən çox artıb.
Növbəti rüblərdə monitorinqə cəlb edilən dövlət müəssisələrinin sayının daha da artırılması nəzərdə tutulur.
Monitorinq mexanizminin genişləndirilməsi dövlət müəssisələrinin maliyyə fəaliyyətinin sistemli qiymətləndirilməsinə, fiskal risklərin vaxtında aşkarlanmasına və dövlət aktivlərinin idarə edilməsinin səmərəliliyinin yüksəldilməsinə xidmət edir.

