Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin iyun ayı üzrə kommersiya banklarına daxil olan şikayətlərin indeksini yayımlayıb.
GDP xəbər verir ki, hesabata əsasən, ən yüksək şikayət indeksi AFB Bank ASC-də (2,27), ən aşağı göstərici isə Paşa Bank ASC-də (0,21) qeydə alınıb.
İlk üçlükdə AFB Bankdan sonra Yelo Bank (2,06) və AccessBank (1,99) qərarlaşıb. İlk beşliyi isə Bank of Baku (1,92) və Unibank (1,85) tamamlayır. Həmin banklar ümumi orta göstəricidən (təxminən 1,26) yuxarı indeksə malik olan “yuxarı şikayət indeksi” kateqoriyasına düşür.
Ən aşağı indeksə sahib banklar sırasında Paşa Bankdan sonra Azər-Türk Bank ASC (0,39) və Turanbank ASC (0,40) gəlir. Premium Bank (0,83), Kapital Bank (0,75) və digərləri isə orta göstəricidən aşağı indekslə “aşağı şikayət indeksi” qrupunda yer alıb.
AMB-dən verilən məlumata görə, şikayət indeksi bankın “şikayətlər üzrə bazar payının” “müştərilər üzrə bazar payına” nisbəti ilə hesablanır və müştəri bazasının həcminə nisbətən şikayət səviyyəsini əks etdirir.
Qeyd edilib ki, bu göstərici aylıq olaraq dəyişə bilər.
Bildirilib ki, cədvələ daxil edilməyən banklar üzrə hesabat ayı ərzində Mərkəzi Banka heç bir şikayət daxil olmayıb.

