Korporativ qiymətli kağızların yerləşdirilməsi və onlarla aparılan repo əməliyyatlarında müşahidə olunan azalmanın əsas səbəblərindən biri əvvəlki dövrdə böyük həcmə malik SOCAR istiqrazlarının bazarda olmamasıdır.
GDP xəbər verir ki, bunu Bakı Fond Birjasının maliyyə analitiki Nərmin Bayramlı bildirib.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövründə korporativ qiymətli kağızların yerləşdirilməsinin ümumi həcmi 793 milyon manat təşkil edib və bunun 340 milyon manatı SOCAR istiqrazlarının payına düşüb.
“Bu rübdə bazarda belə böyük iştirakçıların olmaması səbəbindən ümumi həcmlərdə azalma görə bilirik”, – N.Bəhramlı qeyd edib
Analitik korporativ qiymətli kağızlarla repo əməliyyatlarının azalmasını da bazarın strukturundakı dəyişikliklə əlaqələndirib. Onun sözlərinə görə, repo əməliyyatlarında əsasən dövlət qiymətli kağızlarından istifadə olunur və beynəlxalq təcrübədə də risksiz hesab edilən bu alətlərə üstünlük verilir.
N.Bəhramlı bildirib ki, əvvəlki dövrlərdə korporativ qiymətli kağızların repo bazarında daha yüksək paya malik olması əsasən bir emitentin qiymətli kağızlarının bu əməliyyatlarda geniş istifadə edilməsi ilə bağlı olub.
“Artıq həmin emitent bazardan çıxdığı, repo əməliyyatlarını davam etdirmədiyi üçün korporativ qiymətli kağızlarda daha aşağı səviyyə görürük. Dövlət qiymətli kağızları isə həcm baxımından əvvəlki səviyyədə qalıb”, – deyə o vurğulayıb.
N.Bəhramlının sözlərinə görə, repo bazarındakı dinamikanın digər səbəbi bank sektorunda likvidliyin yüksək olmasıdır. Repo əməliyyatları əsasən bankların likvidlik ehtiyaclarının qarşılanması üçün həyata keçirildiyindən, sistemdə artıq likvidliyin mövcudluğu bankların bu əməliyyatlara ehtiyacını azaldır.
O əlavə edib ki, likvidlik şəraitindən asılı olaraq repo əməliyyatlarının həcmi gələcək dövrlərdə həm arta, həm də azala bilər.
Müəllif:Aynur Qəniyeva

