Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) daha bir neçə bankla əməkdaşlıqla bağlı danışıqlar aparır.
Bunu qurumun Korporativ Strategiya və Tədqiqat bölməsinin meneceri Elvin Əfəndi bildirib.
Bununla belə, o, söhbətin hansı banklardan getdiyini açıqlamayıb (hazırda ICD-nin yerli tərəfdaşları “Rabitəbank” və “Turanbank” ASC-lərdir).
E.Əfəndi əlavə edib ki, Azərbaycanda İslam bankçılığının inkişafı ölkəmiz üçün böyük imkanlar aça bilər:
“Bu gün Azərbaycanda tam işlək İslam maliyyəsi qanunvericiliyi yoxdur. Bu qanunvericiliyin formalaşdırılması üçün Azərbaycan Mərkəzi Bankının aktiv iştirakı ilə iş görülür. Biz, İslam İnkişaf Bankı Qrupu olaraq öz dəstəyimizi veririk, texniki yardımımızı göstəririk. Paralel olaraq, məsələn, ‘Sükuk’ qanunvericiliyi ilə bağlı işlər gedir. Bu layihələrin hamısı sonda ona söykənir ki, İslam maliyyəsi üçün ölkədə qanunvericilik ekosistemi qurulsun. Bu, ölkəyə nə qazandıracaq? Təbii ki, insanların, sahibkarların, özəl sektorun alternativ İslam maliyyəsinə çıxış imkanı artır. Həmçinin ölkə üçün digər yaxın ölkələrdən investisiyaların gəlməsinə şərait yaranır. Körfəz ölkələri, İndoneziya kimi ölkələrdə böyük məbləğdə likvid kapital var. O kapitalı Azərbaycana investisiya eləmək üçün mütləq İslam maliyyəsi imkanları olmalıdır. Bu qanunvericilik olduqdan sonra isə həmin o maliyyələr özü təbii yolla bura axacaq.”

