Azərbaycanda QR və digər alternativ ödəniş kanallarının genişləndirilməsini təşviq etmək, bu istiqamətə həm bankların, həm də şirkətlərin vəsait ayırması lazımdır.
Bunu bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev GDP-yə eksklüziv açıqlamasında bildirib.
Onun sözlərinə görə, QR alternativ ödəniş kanallarından biridir və onun bazardakı payının artırılması üçün müvafiq addımlar atılmalıdır.
“QR bu kanallardan biridir. Bunun bazarda, necə deyərlər, çoxalmasını təşviq etmək lazımdır. Bu yöndə pul xərcləmək lazımdır. Bunu həm deyərdim ki, o şirkətlər, həm də banklar eləməlidir”, – B.Nağıyev bildirib.
O qeyd edib ki, alternativ ödəniş üsullarının yayılmasında əsas məsələlərdən biri insanların uzun müddət ərzində formalaşmış ödəniş vərdişlərinin dəyişdirilməsidir.
B.Nağıyevin sözlərinə görə, insanlar uzun müddətdir kartla, həmçinin Apple Pay və Android üzərindən tokenləşdirilmiş ödəniş üsulları ilə əməliyyat aparmağa öyrəşiblər və onların birdən-birə QR ödənişlərinə keçməsi zaman tələb edir.
“Bu vərdiş də 3 ayda dəyişmir, 6 ayda dəyişmir, illər çəkir. Bunun zaman alacağını düşünürəm”, – o bildirib.
Bank rəsmisi bazarda yeni ödəniş texnologiyalarının da meydana çıxdığını qeyd edib. O, ovuc içi ilə ödəniş formasını və biometrik ödənişləri buna nümunə göstərib.
“Artıq Palm Pay deyilən, yəni ovuc içi ilə ödəniş forması çıxdı ortaya. Bizimkini görmüsünüz, biometriki biz çıxarmışıq. Onu görəcəksiniz, bazarda daha da inkişafını təmin eləyəcəyik”, – B.Nağıyev deyib.
Onun sözlərinə görə, QR, biometrik və digər alternativ ödəniş vasitələrinin bazardakı payının artması müvafiq xərclərin azalmasına gətirib çıxara bilər.
Müxtəlif:Aynur Qəniyeva

