Bu il 4,5 min kirayə müqaviləsi gözlənilir
GDP xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) rəsmiləri bu gün mətbuata açıqlamalarında həm ipoteka kreditlərinin maksimal məbləğinin artırılması şərtləri, həm də kirayə mənzil mexanizmi üzrə son statistikalar barədə ətraflı məlumat veriblər.
Fondun Baş meneceri Rasim Abdullayev bildirib ki, hazırda ipoteka kreditləri üzrə maksimum məbləğ 150 min manat səviyyəsində saxlanılır. Onun sözlərinə görə, bu limitin artırılması yalnız bazardakı real tendensiyalar və orta gəlir göstəriciləri əsasında müəyyən ediləcək.
“Əsas məqsədimiz orta və aşağı gəlirli ailələrin bu mexanizmə əlçatanlığını təmin etməkdir. 150 min manat kredit uzunmüddətli perspektivdə kifayət qədər ciddi maliyyə öhdəliyidir. Hazırda proqramdan faydalanan vətəndaşların orta aylıq gəliri 2 100–2 200 manat, ailə üzvlərinin orta sayı isə 3–3,5 nəfərdir”, – deyə Abdullayev vurğulayıb.
O əlavə edib ki, gələcəkdə kredit məbləğlərinin artması tendensiyası davam edərsə və orta göstəricilər maksimum həddə yaxınlaşarsa, limitin artırılması məsələsinə baxılacaq. Lakin Fond rəsmisi xəbərdarlıq edib ki, bu barədə hətta açıqlamanın özü belə bazarda ajiotaj yarada və daşınmaz əmlak qiymətlərinin sürətlə artmasına səbəb ola bilər. “Buna görə bu məsələyə çox ehtiyatla yanaşırıq”, – deyə o qeyd edib.
Eyni zamanda, Abdullayev Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərinin satışı üçün Fond tərəfindən verilən güzəştli kreditlərin həcminə də toxunub. Bildirilib ki, indiyədək MİDA-nın 5 442 mənzilinin satışı üçün 275,8 milyon manat güzəştli kredit ayrılıb. Ötən il bu mənzillərə 379, əvvəlki il isə 470 kredit verilib. Hər il dövlət büdcəsindən bu məqsəd üçün 85 milyon manat vəsait ayrılır.
Fondun Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov isə kirayə mənzil mexanizmi üzrə yeni rəqəmləri açıqlayıb. Onun sözlərinə görə, indiyədək “satmaq öhdəliyi ilə kirayə” mexanizmində 12 mənzil özəl mülkiyyətə keçib – həmin ailələr bütün öhdəliklərini tam yerinə yetiriblər.
Kirayə müqavilələri minimum 3 il, maksimum 25 il müddətinə bağlanılır. Zeynalov vurğulayıb ki, təqdim olunan mənzillər tam təmirlidir, sanitar qovşaqlar, kombi sistemi, işıq, qaz və su sayğacları quraşdırılıb. “Vətəndaşlar yalnız məişət avadanlıqlarını gətirməklə rahat yaşaya bilərlər”, – deyə o bildirib.
Mexanizmin əsas üstünlüklərindən biri kimi direktor müavini aylıq ödənişlərin sabitliyini qeyd edib: “Müqavilə bağlanarkən müəyyən edilən aylıq ödəniş 25 il ərzində dəyişmir. Daşınmaz əmlak bazarında və ya adi kirayə bazarında qiymət artımları bu ödənişlərə heç bir təsir göstərmir”.
Zeynalov xatırladıb ki, mexanizm Prezidentin 25 yanvar 2019-cu il tarixli fərmanı ilə yaradılıb, icrasına isə 2020-ci ilin martından başlanılıb. Bu günədək 9 546 kirayə müqaviləsi üzrə vətəndaşlara mənzillər təhvil verilib.
Cari ilin proqnozlarına gəlincə, Zeynalov bildirib ki, bu il kirayə mənzil mexanizmi ilə bağlanılan müqavilələrin sayının 2400-ə çatacağı proqnozlaşdırılır. “Artıq 400-dən çox kirayə mənzil mexanizmi ilə müqavilə rəsmiləşdirilib, ilin sonuna qədər əlavə 2000 müqavilənin bağlanacağı gözlənilir”, – deyə o əlavə edib.
Statistikaya görə, mexanizmdən faydalanan vətəndaşların orta yaşı 35, orta aylıq gəliri 1 700 manat, orta aylıq ödənişi isə 530 manatdır. Müraciət edənlərin 51 %-i dövlət sektorunda, 49 %-i özəl sektorda çalışır. Kirayə müqavilələri üzrə mənzillərin 35,5 %-i Sumqayıt, 30,9 %-i isə Bakı şəhərinin payına düşür. Kirayəçilərin 57 %-i 18–35 yaş aralığında, 42,6 %-i isə 35 yaşdan yuxarıdır.
Qeyd edək ki, Fond hər iki mexanizm – həm güzəştli ipoteka, həm də kirayə-mülkiyyət proqramı ilə ölkədə mənzil təminatı problemlərinin həllinə töhfə verməyi qarşısına məqsəd qoyub.

