Azərbaycan 2030-cu ilin sonunadək dövlət büdcəsi gəlirlərinin neft gəlirlərindən asılılığını 30 faizə endirməyi planlaşdırır.
GDP xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan son illərdə sabit iqtisadi artım nümayiş etdirib və hazırda güclü, dayanıqlı makroiqtisadi və makro-fiskal mövqeyə malikdir.
O qeyd edib ki, 2021–2025-ci illərdə ölkədə qeyri-neft ÜDM-in orta artımı 6 faizdən çox olub. Sahil Babayev bildirib ki, təxminən 20 il əvvəl Azərbaycanda ÜDM istehsalının yarıdan çoxu neft-qaz sektorunun payına düşürdüsə, hazırda qeyri-neft-qaz iqtisadiyyatının ÜDM-də payı 70 faizdən çoxdur.
Nazirin sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi və həyata keçirilən fiskal islahatlar nəticəsində neft gəlirlərindən asılılıq tədricən azalır.
“Son iki ildə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertləri təxminən 20 faiz azaltmağa nail olmuşuq. Növbəti üç il ərzində isə bunu daha 20 faiz azaltmağı planlaşdırırıq. 2030-cu ilin sonuna qədər məqsədimiz büdcə gəlirlərinin neft gəlirlərindən cəmi 30 faiz asılı olduğu, gəlirlərin 70 faizinin isə iqtisadiyyatın qeyri-neft-qaz sektorundan formalaşdığı göstəriciyə çatmaqdır”, – deyə nazir bildirib.
S.Babayev əlavə edib ki, son beş ildə dövlət büdcəsində kəsir deyil, profisit qeydə alınıb və büdcə profisiti ÜDM-in 3 faizindən çoxunu təşkil edib.
Nazir qayda əsaslı fiskal çərçivənin makroiqtisadi sabitliyin əsas dayaqlarından biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, qeyri-neft-qaz kəsirinin davamlı şəkildə azaldılması və dövlət borcunun ÜDM-ə nisbətinin ortamüddətli dövrdə dayanıqlı səviyyədə saxlanılması əsas hədəflər sırasındadır.
Sahil Babayev həmçinin bildirib ki, Azərbaycanın böyük strateji valyuta ehtiyatları ölkənin xarici şoklara qarşı müqavimətini gücləndirir. Güclü fiskal buferlər və makroiqtisadi sabitlik beynəlxalq reytinq agentliklərinin Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsində qiymətləndirməsinə imkan yaradıb.
Nazir çıxışında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa layihələrinə də toxunub. Onun sözlərinə görə, son altı ildə bu ərazilərin yenidən qurulmasına 25 milyard manat vəsait ayrılıb. Bu vəsait hesabına yol, su, enerji, yaşayış və sosial infrastruktur layihələri icra olunub.
Bununla yanaşı, 2021–2026-cı illərdə ölkənin digər ərazilərində infrastrukturun yenilənməsinə yönəlmiş layihələrə 16 milyard manat sərf edilib.
S.Babayev Azərbaycanın beynəlxalq maliyyə institutları ilə uzunmüddətli və səmərəli əməkdaşlıq qurduğunu da qeyd edib. O bildirib ki, ölkə Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə geniş əməkdaşlıq həyata keçirir.
Nazirin sözlərinə görə, növbəti mərhələdə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi və maliyyə alətlərinin şaxələndirilməsi əsas prioritetlərdən biri olacaq.
O vurğulayıb ki, beynəlxalq maliyyə resursları iri infrastruktur, yaşıl enerji və regional layihələrin həyata keçirilməsində mühüm rol oynaya bilər. Xüsusilə Orta Dəhliz və yaşıl enerji dəhlizi kimi regional təşəbbüslər beynəlxalq maliyyə institutlarının iştirakı baxımından perspektivli istiqamətlər kimi qiymətləndirilir.
S.Babayev qeyd edib ki, beynəlxalq maliyyə institutlarının layihələrdə iştirakı risk profilinin yaxşılaşdırılmasına və layihələrin özəl investorlar üçün daha cəlbedici olmasına şərait yarada bilər.
“Bu isə dövlət resurslarının daha böyük həcmdə özəl və institusional kapital ilə tamamlanmasına imkan verəcək”, – deyə nazir bildirib.
Forum çərçivəsində çıxışlarda maliyyə risklərinin bölüşdürülməsi və özəl kapitalın cəlb edilməsi məqsədilə birgə maliyyələşdirmə, zəmanətlər, riskbölüşdürmə alətləri, qarışıq maliyyələşdirmə, dövlət-özəl tərəfdaşlığı və digər innovativ maliyyə mexanizmlərindən istifadənin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Panel müzakirələrində isə Azərbaycanın artım gündəliyinin dəstəklənməsində çoxtərəfli inkişaf banklarının, özəl investorların və maliyyə institutlarının rolu, infrastruktur və sənaye layihələrinə beynəlxalq kapitalın cəlb edilməsi, regional əlaqələr, kredit reytinqləri, rəqəmsal ödənişlər və maliyyə infrastrukturu ətrafında fikir mübadiləsi aparılıb.

