Azərbaycanda bank sektorunda aktivlərin, kreditlərin və depozitlərin iri banklarda cəmləşməsi ilə bağlı vəziyyət son dörd ildə ümumilikdə yaxşılaşıb.
GDP xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bildirib.
Onun sözlərinə görə, bank sektorunda müəyyən səviyyədə təmərküzləşmə beynəlxalq təcrübədə də müşahidə olunur. Əsas məsələ isə onun səviyyəsi və dəyişmə istiqamətidir.
Şahin Mahmudzadə qeyd edib ki, son dörd ildə banklar arasında rəqabət mühitində müsbət dəyişikliklər baş verib.
Baş direktorun sözlərinə görə, əvvəllər iri və kiçik bankların maliyyələşmə xərcləri arasında əhəmiyyətli fərqlər mövcud olsa da, hazırda bu fərqlər xeyli azalıb.
O bildirib ki, bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə infrastrukturunun inkişafı bazarda təmərküzləşmənin daha da azalmasına kömək edə bilər.
Bununla yanaşı, Şahin Mahmudzadə vurğulayıb ki, bank sektorunda rəqabətin inkişafı uzunmüddətli institusional dəyişikliklər tələb edir.

