SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wood Mackenzie” şirkətinin sədri və baş analitiki Saymon Flauers ilə görüşüb.
SOCAR-dan verilən məlumata görə, görüş zamanı Azərbaycanın qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsi məmnunluqla qeyd olunub.
Qonaqlara SOCAR-ın strateji hədəfləri, beynəlxalq enerji şirkətinə transformasiyası istiqamətində həyata keçirilən tədbirlər, enerji sektorunun müxtəlif sahələri üzrə fəaliyyəti, eləcə də Azərbaycanda və xarici ölkələrdə reallaşdırdığı layihələr barədə ətraflı məlumat verilib.
Görüşdə SOCAR ilə “Wood Mackenzie” arasında formalaşmış əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qlobal enerji bazarlarında mövcud tendensiyaları nəzərdən keçirib, neft və qaz emalı, bərpaolunan enerji, dekarbonizasiya, rəqəmsallaşma və analitik həllərin enerji sektorunda tətbiqi sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Həmçinin qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

