SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində dünyanın aparıcı enerji və investisiya şirkətləri ilə neft-qaz hasilatı, LNG ticarəti, enerji infrastrukturu, investisiya və bulud texnologiyaları sahələrini əhatə edən bir sıra strateji sənədlər imzalayıb. Razılaşmalar şirkətin Azərbaycan daxilində yeni layihələrinin inkişafı ilə yanaşı, ABŞ, Avropa və Afrikada fəaliyyətinin genişləndirilməsini nəzərdə tutur.
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən forum çərçivəsində SOCAR ilə “ExxonMobil” arasında Azərbaycanın Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.
Sazişə əsasən, layihədə SOCAR və “ExxonMobil” müvafiq törəmə şirkətləri vasitəsilə hər biri 50% iştirak payına malik olacaq. Operator funksiyasını “ExxonMobil” həyata keçirəcək.
Forumda SOCAR, XRG və “TotalEnergies” arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı da mübadilə edilib. Layihənin növbəti mərhələsi əlavə quyuların qazılmasını və yeni emal infrastrukturunun yaradılmasını nəzərdə tutur.
SOCAR ABŞ qazının beynəlxalq bazarlara çıxarılması imkanlarını araşdıracaq
SOCAR ilə ABŞ-nin “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi imzalanıb.
Razılaşmaya əsasən, tərəflər “Comstock”un “Haynesville” şist aktivlərindəki iştirak payına uyğun hasil edilən təbii qazın mayeləşdirilərək LNG formasında SOCAR tərəfindən ABŞ-dan kənar beynəlxalq bazarlarda satılması imkanlarını araşdıracaqlar.
Əməkdaşlıq çərçivəsində potensial alıcıların müəyyənləşdirilməsi, qiymət formalaşdırma mexanizmləri, logistika və tənzimləyici məsələlər də nəzərdən keçiriləcək.
“Apollo” SOCAR-ın upstream layihələrinə investisiya imkanlarını qiymətləndirəcək
SOCAR və “Apollo” arasında upstream işlənmə və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənəd “Apollo”nun idarə etdiyi fondların SOCAR-ın upstream layihələrindəki paylarına mümkün investisiyaların qiymətləndirilməsi və strukturlaşdırılmasını nəzərdə tutur.
Bu məqsədlə birgə işçi qrupların yaradılması, hüquqi, maliyyə və texniki yoxlamaların aparılması, eləcə də yekun sazişlərin hazırlanması planlaşdırılır.
SOCAR Avropada enerji əməkdaşlığını genişləndirir
Forum çərçivəsində SOCAR ilə “Securing Energy for Europe GmbH” (SEFE) arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturu və hasilat layihələri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənəd təbii qaz və LNG təchizatının genişləndirilməsi, enerji infrastrukturu layihələrinin birgə inkişafı, hasilat layihələrinə investisiyalar və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətlərini əhatə edir.
SOCAR ilə VNG arasında imzalanmış Strateji Əməkdaşlığa dair Saziş isə təbii qaz üzrə uzunmüddətli tərəfdaşlıq, bununla bağlı infrastruktur və tənzimləyici məsələlərlə yanaşı, enerji keçidi, hidrogen və onun törəmələri üzrə elmi-texniki əməkdaşlığı nəzərdə tutur.
“Caspian Mind AI” Azərbaycanda “Oracle Alloy” operatoru olacaq
Forumda rəqəmsal texnologiyalar sahəsində də yeni əməkdaşlıq sənədi imzalanıb.
Azərbaycanda “Oracle Alloy” platformasının tətbiqinə dair razılaşmaya əsasən, “Caspian Mind AI” ölkədə “Oracle Alloy” operatoru olacaq. Bununla şirkət yerli səviyyədə idarə olunan bulud infrastrukturu üzərindən suveren “Oracle” bulud infrastrukturu xidmətləri təqdim etmək imkanı əldə edəcək.
“Caspian Mind AI” eyni zamanda “Oracle”ın bulud texnologiyaları və əməliyyat təcrübəsindən istifadə etməklə müştəri münasibətlərini, satış proseslərini və müştəri dəstəyinin müəyyən istiqamətlərini idarə edəcək.
SOCAR Afrikanın upstream sektoruna daxil olub
Forum çərçivəsində SOCAR ilə İtaliyanın Eni S.p.A. şirkəti arasında Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının alınması əməliyyatının tamamlanmasına dair Protokol da mübadilə edilib.
Əməliyyatın tamamlanmasından sonra layihədə Eni-nin payı 37,25%, “Vitol”un 30%, “Petroci”nin 22,75%, SOCAR-ın payı isə 10% təşkil edir.
Bu əməliyyat SOCAR-ın Afrikanın upstream sektoruna daxil olmasını təmin edir və şirkətin hasilat coğrafiyasının beynəlxalq miqyasda genişləndirilməsi istiqamətində atdığı addımlardan biridir.

