Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin “Citigroup Inc.” şirkəti arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
GDP bu barədə SOCAR prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Müzakirələr Rövşən Nəcəfin “Citigroup Inc.” şirkətinin Müştərilərlə əlaqələr üzrə baş direktoru Devid Livinqstonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı aparılıb.
Görüşdə SOCAR və “Citigroup Inc.” arasında birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, mövcud əməkdaşlığın nəticələri və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
“Beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, enerji layihələrinin maliyyələşdirilməsi və alternativ maliyyələşdirmə mexanizmləri müzakirə etdiyimiz əsas mövzular sırasında olub”, – Rövşən Nəcəf bildirib.
SOCAR prezidenti qeyd edib ki, güclü maliyyə tərəfdaşlıqlarının qurulması şirkətin investisiya portfelinin genişləndirilməsi və strateji layihələrinin həyata keçirilməsi baxımından yeni imkanlar yaradır.

