Neftin dünya bazar qiymətinin 10 ABŞ dolları yüksəlməsi Azərbaycanın tədiyə balansının cari hesab profisitini təxminən 1,2 milyard ABŞ dolları artırır.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, təbii qazın hər min kubmetrinin qiymətinin 50 ABŞ dolları artması isə cari hesab profisitinin təxminən 900 milyon ABŞ dolları yüksəlməsinə səbəb olur.
T.Kazımov bildirib ki, enerji qiymətləri Azərbaycan iqtisadiyyatına istiqamətləri fərqli olan üç kanal vasitəsilə təsir göstərir.
Birinci kanal enerji ixracından əldə olunan gəlirlərin və cari hesab profisitinin artması ilə bağlıdır.
İkinci kanal isə idxal inflyasiyası ilə əlaqədardır. Belə ki, Azərbaycanın qeyri-neft idxalının təxminən 80%-i enerji idxal edən ölkələrin payına düşür.
Mərkəzi Bankın sədrinin sözlərinə görə, neft qiymətlərinin 10% artması ticarət tərəfdaşlarında inflyasiyanı təxminən 0,67 faiz bəndi yüksəldir.
Üçüncü kanal isə strateji aktivlərin dəyərində baş verən dəyişikliklərlə bağlıdır.
T.Kazımov qeyd edib ki, hər üç kanalın ümumi təsiri nəzərə alındıqda enerji qiymətlərinin yüksəlməsinin Azərbaycan iqtisadiyyatına xalis təsiri müsbətdir.
O əlavə edib ki, 2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin ÜDM-ə nisbəti 79,8% təşkil edib.

