Unibank Kommersiya Bankı ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağında qəbul edilən qərarlara əsasən, bankda yeni rəhbərlik strukturu təsdiqlənib. Səhmdarların iradəsinə uyğun olaraq, Valentin Morozov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
GDP xəbər verir ki,Morozov bank-maliyyə sektorunda uzunmüddətli və zəngin təcrübəyə malik tanınmış mütəxəssisdir. O, müxtəlif illərdə nüfuzlu bank qurumlarında rəhbər vəzifələrdə çalışıb. Morozovun təhsil bazası dünyanın aparıcı universitetlərini əhatə edir — o, New York University, University of Colorado və London Business School kimi ali təhsil müəssisələrini bitirib.
Yığıncağın qərarı ilə İdarə Heyətinin tərkibi də yenidən təsdiqlənib. Heyətin yeni üzvü kimi David Qabelaşvili seçilib. O, həm İdarə Heyətinin üzvü, həm də Bankın Baş Maliyyə İnzibatçısı vəzifəsinə təyin olunub. D.Qabelaşvili müxtəlif maliyyə qurumlarında, o cümlədən TBC Uzbekistan-da maliyyə direktoru vəzifəsində işləmək təcrübəsinə malikdir. Təhsilini Tbilisi Dövlət Universitetində və ProCredit Academy-də almışdır.
Unibank İdarə Heyətinin digər üzvləri də öz vəzifələrində qalıblar. Belə ki, Heybət Qədirov İdarə Heyəti sədrinin müavini, Andrii Qrab Baş Risk və Komplayens İnzibatçısı, İlkin Quliyev isə Pərakəndə Biznes və Marketinq üzrə Baş İnzibatçı vəzifələrini davam etdirəcəklər.
Eyni zamanda, səhmdarların qərarına əsasən, Vladimir Aleksandroviç Urbanskiy Bankın Müşahidə Şurasının müstəqil üzvü təyin edilib. V.Urbanskiy də bank-maliyyə sektorunda uzun illər rəhbər vəzifələrdə çalışıb və bu sahədə dərin təcrübəyə sahibdir. O, Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur.
Bildirilir ki, aparılan kadr dəyişiklikləri bankın inkişaf strategiyası və idarəetmə səmərəliliyinin artırılması məqsədi daşıyır.


