İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
GDP xəbər verir ki,nazir Mikayıl Cabbarov tərəfindən imzalanmış yeni qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən xüsusi icra məmurları da vergi nəzarətinin yeni mexanizmlərinə tab gətirəcəklər.
Qərara əsasən, artıq xüsusi notariuslarla yanaşı, xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olan, lakin məcburi dövlət sosial sığorta haqlarını təqdim etməyən vergi ödəyicilərinin təhlili üzrə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılacaq.
Bundan əvvəl yalnız xüsusi notariuslara aid edilən müddəalar indi xüsusi icra məmurlarına da şamil edilir. Belə ki, xüsusi notariusların gəlir vergisi bəyannaməsinin Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq bölmələri və əlavələri xüsusi icra məmurları üçün də məcburi olacaq.
Yeni qaydaya görə, xüsusi icra məmurlarının da gəlir vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar kameral yoxlamalar aparılacaq. Bu, xüsusi notariuslarda tətbiq edilən mexanizmlə eyni prinsip əsasında həyata keçiriləcək.
Qərarın ən mühüm müddəalarından biri də vergitutma obyektinin müəyyənləşdirilməsi ilə bağlıdır. Artıq xüsusi icra məmurunun bir ay ərzində aldığı standart və əlavə icra haqları (xərclər çıxılmadan) vergitutma obyekti hesab ediləcək. Eyni zamanda, bu haqlar və xüsusi notariusların notariat hərəkətlərindən, habelə göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirlər verginin düzgün hesablanması və yoxlanması zamanı nəzərə alınacaq.
İqtisadiyyat Nazirliyi bu addımla vergi inzibatçılığının şəffaflığını artırmaq, qeyri-rəsmi gəlir dövriyyəsini minimuma endirmək və bütün vergi ödəyiciləri üçün vahid yanaşma təmin etməyi hədəfləyir.
Xüsusi icra məmurlarına və notariuslara yeni tələblərə vaxtında uyğunlaşmaq, bəyannamələri qanunvericiliyə uyğun təqdim etmək tövsiyə olunur. Dövlət Vergi Xidməti tərəfindən risk meyarlarına uyğun olaraq seçilən ödəyicilər AVİS-dən kənar yoxlamalarla üzləşə bilərlər.

