Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) uzun illər rəhbər vəzifələrdə çalışan Tural Məmmədov qurumdakı fəaliyyətini başa vurub.
Tural Məmmədov son dövrdə XRİTDX-nin baş idarə rəisinin müavini vəzifəsində çalışıb.
Onun dövlət sektorunda informasiya və kibertəhlükəsizlik sahəsində fəaliyyəti 2009-cu ildən başlayıb. Məmmədov 2009–2018-ci illərdə Azərbaycan Hökumət CERT-inə (CERT.GOV.AZ) rəhbərlik edib. 2018-ci ildən isə fəaliyyətini xüsusi rabitə və informasiya təhlükəsizliyi sahəsində rəhbər vəzifələrdə davam etdirib.
Tural Məmmədov müxtəlif illərdə dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsi, kritik informasiya infrastrukturunun mühafizəsi, kibertəhlükələrin qarşısının alınması və insidentlərə qarşı mübarizə istiqamətlərində fəaliyyət göstərib.
O, 2019–2025-ci illərdə Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının katibi olub.
Məmmədov 2016-cı ildən İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzləri Təşkilatının (OIC-CERT) İdarə Heyətinin üzvü kimi də fəaliyyət göstərib.
O, eyni zamanda uzun illər “İnformasiya Təhlükəsizliyi” jurnalının redaksiya fəaliyyətində iştirak edib.
Son illərdə Tural Məmmədov kiberdiplomatiya istiqamətində də fəaliyyətini genişləndirib. O, 2024-cü ildən Cyber Diplomacy Center Azerbaijan-ın koordinatorudur.
Beləliklə, Tural Məmmədovun dövlət qurumlarında informasiya və kibertəhlükəsizlik sahəsində fəaliyyəti 17 ildən artıq dövrü əhatə edib.
Onun XRİTDX-dən ayrılmasının səbəbi və bundan sonrakı fəaliyyət istiqaməti barədə hələlik məlumat yoxdur.

