2026-cı ilin I yarısında dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın artırılması və rəqəmsallaşmanın genişləndirilməsi, o cümlədən “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) ayrı-ayrı altsistemlərinin tətbiqi və funksionallığının genişləndirilməsi istiqamətində görülən işlər davam etdirilib.
GDP Maliyyə Nazirliyinə isrinadla xəbər verir ki, RDMİS-nin “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində cari ilin I yarısında 1 034 müəssisə qeydiyyatdan keçib, altsistem vasitəsilə 1 315 aylıq və 7 244 rüblük hesabat təqdim olunub. Hesabat dövründə 466 müəssisə 2026-cı il üçün təsdiqlənmiş büdcə hesabatı, 532 müəssisə 2027-ci il üçün dividend proqnozu hesabatı, eləcə də 654 müəssisə növbəti il üçün büdcə proqnozu hesabatını təqdim edib.
Qeyd edək ki, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemi Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin altsistemi kimi fəaliyyət göstərir. Bu altsistem dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin rüblük əsaslarla monitorinqini və icra göstəricilərinin təhlilini, həmçinin bu məqsədlə müəyyən edilmiş büdcə və maliyyə göstəriciləri barədə məlumatların əldə olunmasını təmin edir.

