Hesabatlara görə, dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxilolmalar yanvar–fevral aylarında 75,9 milyon manat, yanvar–mart aylarında isə 93,6 milyon manat təşkil etmişdir.
GDP -nin hesablamalarına görə bu, mütləq ifadədə 17,7 milyon manat və ya 23,3% artım deməkdir. Lakin qeyd olunmalıdır ki, bu artım əsasən mart ayının əlavə olunması ilə bağlıdır və birbaşa fəaliyyət effektivliyinin yüksəlməsini əks etdirmir. Belə ki, mart ayı üzrə daxilolma məhz 17,7 milyon manat olmuşdur.
Dövrlərin fərqli müddəti nəzərə alınaraq aylıq orta göstəricilər təhlil edildikdə daha obyektiv mənzərə ortaya çıxır. Yanvar–fevral aylarında orta aylıq daxilolma 37,95 milyon manat olduğu halda, yanvar–mart dövründə bu göstərici 31,2 milyon manata enmişdir. Bu isə aylıq ifadədə 6,75 milyon manat və ya təxminən 17,8% azalma deməkdir. Başqa sözlə, mart ayında əldə olunan gəlir əvvəlki iki ayın orta göstəricisindən aşağı olmuş və ümumi dinamika baxımından müəyyən zəifləmə müşahidə edilmişdir.
Özəlləşdirmə üzrə daxilolmalar yanvar–fevral aylarında 66,1 milyon manat, yanvar–mart aylarında isə 79,8 milyon manat təşkil etmişdir. Bu istiqamətdə 13,7 milyon manat və ya 20,7% artım qeydə alınmışdır. İcarə gəlirləri isə müvafiq olaraq 9,8 milyon manatdan 13,8 milyon manata yüksəlmiş, nəticədə 4 milyon manat və ya 40,8% artım müşahidə olunmuşdur. Bu da göstərir ki, icarə gəlirlərinin artım tempi özəlləşdirmə gəlirləri ilə müqayisədə daha yüksək olmuşdur.
Fəaliyyət həcmini xarakterizə edən göstəricilər də müsbət dinamikanı təsdiqləyir. Belə ki, keçirilən hərracların sayı 10-dan 14-ə yüksələrək 40% artmışdır. Özəlləşdirilən səhmdar cəmiyyətlərinin sayı 1-dən 3-ə çatmış, yəni 200% artım baş vermişdir. Özəlləşdirilən nəqliyyat vasitələrinin sayı 258-dən 298-ə yüksəlmiş (15,5% artım), bağlanan icarə müqavilələrinin sayı isə 890-dan 1268-ə çataraq 42,5% artım göstərmişdir.
Nəticə etibarilə, ümumi daxilolmaların həcmi artmış olsa da, aylıq orta göstəricilərin azalması fəaliyyətin intensivliyində müəyyən zəifləməyə işarə edir. Bununla belə, həm özəlləşdirmə, həm də icarə sahəsində mütləq artımın qeydə alınması və xüsusilə icarə gəlirlərinin daha yüksək templə artması bu sahədə fəaliyyətin davam etdiyini və genişləndiyini göstərir.
Müəllif: Aynur Qəniyeva

