Aprelin 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının birgə iclası keçirilib.
İclasın gündəliyinə Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən neft emalı və neft-kimya sahəsində strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrdə neft məhsullarına ölkədaxili tələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər daxil edilib.
Gündəlikdə duran məsələlərlə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib.
İclasda İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvləri, dəvət olunanlar, həmçinin AİH-in İdarə Heyətinin sədri və Baş icraçı direktoru iştirak ediblər.
Görüşün yekununda müvafiq qərarlar qəbul olunaraq AİH-in İdarə Heyətinə, SOCAR-a və aidiyyəti qurumlara tapşırıqlar verilib.





