AccessBank Azərbaycanda fərdi bankçılıq istiqamətində yeni mərhələyə qədəm qoyaraq, 2023-cü ildə istifadəyə verilmiş “VİP Club” məhsulunun rebrendinq edildiyini və bundan sonra “Private Banking” adı ilə fəaliyyət göstərəcəyini açıqlayıb.
Rebrendinq çərçivəsində yenilənmiş konsepsiya müştərilərə fərdiləşdirilmiş yanaşma, yüksək səviyyəli xidmət və həyat tərzinə uyğun kompleks həllər təqdim etməyi hədəfləyir. Yeni model vaxta qənaət, gündəlik proseslərin sadələşdirilməsi və əlavə dəyər yaradılması prinsiplərinə əsaslanır.
Bankın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib: “AccessBank olaraq əsas prioritetimiz müştərilərimizə yalnız maliyyə xidmətləri təqdim etmək deyil, onların gündəlik həyatını asanlaşdıran, vaxtlarına qənaət edən və real dəyər yaradan həllər formalaşdırmaqdır. VİP Club-un “Private Banking” olaraq rebrendinqi bu istiqamətdə atdığımız növbəti strateji addımdır.”
Qeyd edilib ki, “Private Banking” artıq sadəcə bank məhsulu deyil, uzunmüddətli və etibarlı tərəfdaşlığa əsaslanan xidmət modelidir. Son iki ildə bankın premium müştəri seqmentində əhəmiyyətli artım qeydə alınıb.
Hazırda “Private Banking” çərçivəsində depozit, kredit və investisiya həlləri ilə yanaşı, aviabiletlərin təşkili, viza dəstəyi, sığorta xidmətləri və eksklüziv tədbirlərə çıxış kimi qeyri-maliyyə üstünlükləri də təqdim olunur.
Private Banking məhsulunun rəhbəri Vüsalə Quliyeva əlavə edib: “Private Banking bizim üçün sadəcə bir xidmət modeli deyil – bu, müştərilərimizlə qurduğumuz etibarlı və uzunmüddətli tərəfdaşlığın ifadəsidir. Yeni mərhələdə məqsədimiz bu yanaşmanı daha da inkişaf etdirərək, müştərilərimizə onların həyat tərzinə uyğun, dəyər yaradan və fərq yaradan həllər təqdim etməkdir.”
Bank yeni mərhələdə premium tərəfdaş şəbəkəsinin genişləndirilməsini, daha çox fərdi imtiyazların təqdim olunmasını və xidmətlərin həyat tərzi yönümlü formatda inkişafını əsas prioritetlər kimi müəyyən edib.
Qeyd edək ki, AccessBank 2002-ci ildən fəaliyyət göstərir. Onun səhmdarları arasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası yer alır. Bankın 39 filialı (14-ü Bakıda, 25-i bölgələrdə) fəaliyyət göstərir.

